Bakıda 3-cü Aerokosmik Modelçilik Festivalı keçirilib – FOTOLAR

Bakıda 3-cü Aerokosmik Modelçilik Festivalı keçirilib – FOTOLAR

26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Bakıda 3-cü Aerokosmik Modelçilik Festivalı keçirilib.

“Poliqon” xəbər verir ki, Aerokosmik Modelçilik Festivalı-2025 “Yeni Texnologiaların İnkişafına Dəstək” ictimai birliyinin təşəbüsü ilə Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Aviamodellərin uçuş meydançasında baş tutub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Aerokosmik Modelçilik Festivalının əhəmiyyəti ilə bağlı iştirakçılara, qonaqlara və media nümayəndələrinə məlumatlar verilib.

Festivalla bağlı fikirlərini bölüşən Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov bildirib ki, artıq 3-cü dəfə keçirilən Aerokosmik Modelçilik Festivalı bu il Silahlı Qüvvələr Gününə təsadüf edib: “Festivalın keçirilməsi öncəliklə gənclərimizdə bu sahəyə marağın oyanmasına, təşviqinə və kütləviləşməsinə xidmət edir. Əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycanın tarixində ilk dəfə raket modelçiliyində “S-4-D Raketaplan” kateqoryası üzrə yarış keçirilib. Bu növ FAI-nin tələblərinə uyğun olaraq beynəlxalq dərəcəli kateqorya sayılır.

Ən vacib məqamlardan biri də xanım iştirakçıların sayının artmasıdır. Bu, bizi çox sevindirir. Eyni zamanda, festivalımızın ötən ilki qalibləri TEKNOFEST festivalında da ikinci yerə layiq görülüblər ki, bu da bizim üçün qürurvericidir”.

Təyyarə və raket modelçiliyi üzrə beynəlxalq dərəcəli idman ustası Pərviz Ağayev də festivalla əlaqədar öz fikirlərini bölüşüb.

“Qeyd etmək lazımdır ki, bu, texniki yaradıcılıqla yanaşı, həm də texniki idman növüdür. Festivalın əsas məqsədi Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli inkişafında, o cümlədən sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdır. İndiyə kimi festivala yalnız Bakıdan iştirakçılar qatılırdı. Ancaq bu dəfə Bakıdan əlavə, ölkəmizin digər bölgələrindən də festivala iştirakçılar qatılıb”, – deyə P.Ağayev vurğulayıb.

“Aselsan-Bakü” şirkətinin biznesin inkişafı üzrə mütəxəssisi Alaaddin Göral da Aerokosmik Modelçilik Festivalını dəyərləndirib. Onun sözlərinə görə, belə tədbirlər gənclərdə aerokosmik sahəyə marağın artmasına əhəmiyyətli töhfə verir: “Bu kimi tədbirlərə ASELSAN olaraq, hər zaman öz dəstəyimizi göstəririk. Ümid edirik ki, Azərbaycanda belə fəaliyyətlər daha da genişlənər, inkişaf edər və sayıları artar. Burada əldə ediləcək texnologiyaların gələcəkdə qazanılacaq qabiliyyətlərə töhfə verməsini arzulayırıq”.

İki kateqoriya üzrə yarışlarda iştirak edən Ruslan Əlizadə, bu sahəyə marağının uşaqlıqdan yarandığını söyləyib.

“Azərbaycanda belə bir tədbirin təşkil olunduğunu biləndə mən də qatılmaq istədim. Ötən ilin dekabr ayından IT INNOVATIONS-da bu sahə üzrə hazırlaşmağa başlamışam. Biz hər həftə oraya gedərək raketlər hazırlayırdıq. Hal-hazırda hazırladığımız raketləri burada uçurduruq və onlar qiymətləndirilir”, – deyə R.Əlizadə bildirib.

Qeyd edək ki, festivalda iki turdan ibarət olmaqla, ümumilikdə 10 növ üzrə yarışlar keçirilib. Bunlar müvafiq olaraq raket modelçiliyi üzrə “S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Paraşüt”, “S-6-B Streamer”, “S-6-C Streamer”, peyk (“CubeSat”), startap (Aerokosmik sahədə), dron, təyyarə modellərindən ibarətdir.

Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, həm də komanda halında olmaqla uçuşun hündürlüyü, müddəti və eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə raketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.

Həmçinin tədbirdə intellektual viktorina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi olub. Aerokosmik Modelçilik Festivalında iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktiki olaraq təkmilləşdirmək üçün şərait yaradılıb.

Bundan başqa, festivalda ilk dəfə olaraq aerokosmik sahədə startaplar da yarışıblar. Bu isə gənclərə sözügedən sahədə öz layihələrini gələcəkdə kommersiyalaşdırmağa imkan verib.

Festival Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İnnovasiyalar Mərkəzi, YAŞAT Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azərkosmos”, Aviasiya Akademiyası, “Aselsan-Bakü”, Hədəf STEAM Liseyi, IT INNOVATIONS, “Nəgiz” kliniksı, AzST, RC NASCAR-ın tərəfdaşlığı ilə baş tutub.

CATEGORIES
TAGS