
Bakıda Qazaxıstan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilib
Bakıda Qazaxıstan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirilib.
“Poliqon” xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan qəbulda Azərbaycanın Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin və digər rəsmi qurumların nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, diaspor, KİV və QHT mənsubları iştirak ediblər.
Rəsmi qəbul Azərbaycanın və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxış edib.
“Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı birinci dərəcəli kapitan Şahin Məmmədov, dəyərli qonaqlar və əziz dostlar, Qazaxıstan Silahlı Qüvvələri Gününə həsr olunmuş qəbulda hamınızı salamlayıram.
Azərbaycan və Qazaxıstan bu gün strateji tərəfdaş və müttəfiqdirlər. Sevindirici haldır ki, əməkdaşlığımız bütün sahələrdə olduğu kimi, hərbi sahədə də intensiv şəkildə uğurla inkişaf edir.
Qazaxıstan və Azərbaycan dostluğu daim olsun!” – deyə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Rauan Kemali çıxışında Qazaxıstan Silahlı Qüvvələrinin yaranmasından, inkişaf tarixindən danışıb.
Sonra, Qazaxıstan Silahlı Qüvvələrindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra, tədbir musiqili-bədii proqramla davam edib.