Banqladeş üçün istehsal edilən “Boran”ların çatdırılma öncəsi sınaqları tamamlanıb – VİDEO

Banqladeş üçün istehsal edilən “Boran”ların çatdırılma öncəsi sınaqları tamamlanıb – VİDEO

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən Banqladeş Ordusu üçün istehsal edilən 105 mm-lik “Boran” haubitsalarının çatdırılma öncəsi sınaq və təftiş prosedurları tamamlanıb.

“Poliqon” MKE-yə istinadən xəbər verir ki, haubitsaların sınaq və təftişi ilə bağlı işlər Türkiyənin Konya bölgəsindəki Karapınar atış poliqonunda yerinə yetirilib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyənin Müdafiə Sənayesi Başqanlığı 18 ədəd “Boran” haubitsasının Banqladeşə ixrac olunacağını açıqlamışdı. Bununla həm Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə haubitsa ixrac edilmiş, həm də Banqladeş “Boran”ın ilk xarici istifadəçisi olmuşdu.

Yedəkdə daşınan 105 mm-lik “Boran” haubitsası Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı MKE şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Bununla çətin ərazi şəraitində aparılan əməliyyatlarda Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması hədəflənib.

Kütləsi 1780 kiloqram olan “Boran” haubitsası istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Haubitsa gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir.

Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran”ın atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.

“Boran”, beynəlxalq standartlardakı 24 sınaqdan uğurla keçərək 2021-ci ilin yanvarında Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul olunub. Onun ilk partiyası 2022-ci ilin dekabr ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.

CATEGORIES
TAGS