BƏƏ-nin B-250 pilotları HAVELSAN simulatorlarında təlim keçəcək

BƏƏ-nin B-250 pilotları HAVELSAN simulatorlarında təlim keçəcək

Türkiyənin HAVELSAN şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) CALIDUS şirkəti ilə B-250 yüngül hücum və təlim təyyarəsi üçün genişmiqyaslı təlim ekosistemi hazırlayacaq.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, bu çərçivədə pilotların yerdə hazırlığının ən yüksək səviyyədə təmin olunması məqsədilə real əməliyyatların mürəkkəbliyini əks etdirən yüksək dəqiqlikli simulator infrastrukturu yaradılacaq.

Bununla bağlı olaraq HAVELSAN və CALIDUS şirkətləri IDEF-2025 sərgisində də B-250 yüngül hücum və təlim təyyarəsi üçün genişmiqyaslı təlim ekosistemi hazırlamaq barədə mühüm müqavilə imzalayıblar. İki şirkət arasındakı əməkdaşlıq SAHA EXPO-da imzalanan protokolla başlayıb və IDEF-2025-də rəsmi müqaviləyə çevrilib.

Müqavilə yalnız sistemlərin çatdırılmasını deyil, həm də iki şirkətin innovasiya, təhlükəsizlik və uzunmüddətli əməkdaşlığa sadiqliyini təcəssüm etdirməsi baxımından əhəmiyyət daşıyır.

Müqavilə çərçivəsində HAVELSAN, pilotların uçuşun hər mərhələsinə hazırlanması üçün başdan-sona inteqrasiya olunmuş təlim həlli təqdim edəcək.

Şirkətin təqdim edəcəyi paketdə:

  • Uçuş Təlim Simulatoru – real döyüş ssenarilərini qabaqcıl uçuş dinamikaları ilə canlandıran sistem;
  • Qismən Tapşırıq Simulatorları – kritik manevrlərə və alt sistemlərə fokuslanan təlim modulları;
  • Kokpit Giriş/Çıxış Təlim Qurğusu – fövqəladə vəziyyətdə təxliyə prosedurları üçün təhlükəsizlik yönümlü təlim imkanı;
  • Brifinq/Debrifinq Stansiyası – tapşırıq planlaşdırması, təhlil və performans qiymətləndirilməsi üçün interaktiv platforma yer alır.

Bütün bu struktur, nəzəri bilik ilə praktiki hazırlığı birləşdirən rəqəmsal təlim infrastrukturu ilə dəstəklənəcək.

HAVELSAN tərəfindən hazırlanacaq bu sistemlər CALIDUS-un Birləşmiş Ərəb Əmirliklərindəki müəssisələrinə qurulacaq və regional əməliyyatlara inteqrasiya olunmuş şəkildə xidmət göstərəcək.

Təkmil simulatorlarda təlim keçən pilotlar, kritik qərarlar qəbul etməkdə özlərinə inam qazanacaq, təhlükəsiz mühitdə səhvlərdən dərs götürəcək və kokpitə girməzdən əvvəl B-250-nin bütün əməliyyat imkanlarına yiyələnəcəklər.

CATEGORIES
TAGS