BƏƏ-nin “EDGE Group” şirkəti Avropanın robototexnika istehsalçısını satın alıb

BƏƏ-nin “EDGE Group” şirkəti Avropanın robototexnika istehsalçısını satın alıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “EDGE Group” şirkəti Estoniyanın “Milrem Robotics” şirkətinin səhmlərinin böyük hissəsini satın alıb.

“Poliqon” “EDGE Group”a istinadən xəbər verir ki, bundan sonra “Milrem Robotics” şirkəti “EDGE Group”un Platformalar və Sistemlər klasterində fəaliyyət göstərəcək.

Bildirilib ki, satınalmaya baxmayaraq “Milrem Robotics” şirkəti əsas çalışmalarını Estoniyanın paytaxtı Tallində yerinə yetirəcək. Eyni zamanda şirkətin Finlandiya, İsveç, Niderland və ABŞ-da yerləşən ofisləri də əvvəlki kimi fəaliyyət göstərməyə davam edəcək.

2013-cü ildə qurulmuş “Milrem Robotics” robototexnika və avtonom sistemlər üzrə Avropanın aparıcı şirkətlərindəndir. “Milrem Robotics” “Concept of Operations” (CONOPS), pilotsuz yerüstü nəqliyyat vasitələrinin və robotlaşdırılmış döyüş həllərinin hazırlanması sahəsində ixtisaslaşıb.

“Milrem Robotics” şirkətinin əsas məhsulları siyahısına “Type-X” robot döyüş maşını, “THeMIS” və “Multiscope” pilotsuz yerüstü nəqliyyat vasitələri daxildir.

Hazırda şirkətin istehsal etdiyi platformalar 8-i NATO üzvü olmaqla ümumilikdə 16 ölkə tərəfindən istifadə edilir. Bunların arasında ABŞ, Estoniya, İspaniya, Niderland, Norveç, Fransa, Almaniya, Böyük Britaniya və digərləri yer alır.

Qeyd edək ki, “EDGE Group” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçiriləcək IDEX-2023 sərgisində özünün 4 istehsal bölməsi üzrə olan məhsullarını nümayiş etdirəcək. Bundan başqa şirkət sərgidə ən böyük pavilyona sahib olacaq.

Poliqon.az

CATEGORIES
TAGS