
BƏƏ Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullara baxış keçirib
Fevralın 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət edib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, müdafiə sənayesi naziri Vüqar Mustafayev BƏƏ prezidentinə sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib.
BƏƏ-nin dövlət başçısı IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisində fəal iştirak edən Azərbaycanın nümayəndə heyətinə uğurlar arzulayıb.
Daha sonra İtaliyanın müdafiə naziri Quido Krosetto Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullarla tanış olub. Nazirə yerli məhsullar haqqında geniş məlumat verilib.
Qeyd edək ki, bu gün sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, “EDGE Group” şirkətinin İdarə Heyətinin sədri Faysal Əl Bannai, “Tawazun” şurasının baş katibi Nasser Al Nuaimi və Çinin “CETC International” şirkətinin rəhbərliyi ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, maraq doğuran məsələlər ərtafında fikir mübadiləsi aparılıb.
IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.