
“Rosoboroneksport” Rusiya müdafiə sənayesi məhsullarını MILEX-2025-də nümayiş etdirir
“Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) 2025-ci il 21-24 may tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçirilən MILEX-2025 XII Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində Rusiya istehsalı hərbi məhsulları nümayiş etdirir.
“Poliqon” xəbər verir ki, bu barədə “Rosoboroneksport” şirkəti məlumat yayıb.
Sərgi ilə bağlı fikirlərini bölüşən “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, şirkət MILEX-2025 sərgisində Rusiyada istehsal olunmuş ən yeni hərbi məhsul nümunələrini nümayiş etdirir.
“Minskdə silahlı qüvvələrin bütün növləri və qoşun birlikləri üçün məhsullar təqdim edirik. Rusiya ekspozisiyasında ölkənin 8 ən iri müdafiə holdinqi iştirak edir, “Rosoboroneksport” isə 30-dan artıq müəssisənin hərbi, ikili və mülki təyinatlı ən aktual məhsullarını nümayiş etdirir. Belarusun güc strukturlarının və sərgi iştirakçılarının böyük maraq gözləyirik”, – deyə baş direktor vurğulayıb.
“Rosoboroneksport”un ekspozisiyası altı tematik bölmədən ibarət konsepsiya üzrə qurulub. Belə ki, sərgiyə gələn ziyarətçilər pilotsuz uçuş aparatları (PUA) və süzən sursatlar, müasir atıcı silah kompleksləri, Hərbi Hava Qüvvələri və Quru Qoşunları üçün hərbi məhsullar, müasir təhlükəsizlik vasitələri, yeni hava hücumundan müdafiə sistemləri ilə tanış ola bilərlər.
PUA seqmentində “Rosoboroneksport”, “Kalaşnikov” konserninin “Kub-E”, “Kub-2-1E” süzən sursatlarını, “Skat-350M” kəşfiyyat pilotsuz uçuş aparatını təqdim edir.
Həmçinin “Kalaşnikov” holdinqinin məhsulları müasir atıcı silahları da əhatə edir. Bunların arasında “200” seriyalı “Kalaşnikov” avtomatları, yeni nəsil AK-12, AK-15, AK-19 avtomatları, RPL-7 pulemyotu, “Çukavin” snayper tüfəngi, “Lebedev” tapançası, səsboğucu ilə təchiz olunmuş PPK-20 tapança-pulemyotu yer alır.
HHQ və Quru Qoşunları üçün məhsullar zonasında “Rosoboroneksport”, Mi-38T nəqliyyat-desant, Mi-28NE döyüş helikopterini, eləcə də TOS-2 “Tosoçka” odsaçan sistemini nümayiş etdirir.
Müasir təhlükəsizlik vasitələri arasında “Legion” atıcı qalxanı, PB-4SP “OSA” travmatik tapançası, müxtəlif tipli qeyri-öldürücü qumbaralar (işıq, səs, tüstü, kasetli, qıcıqlandırıcı), ECHO PRO aktiv qulaqcıq sistemi və BASE aktiv qulaqcıqları təqdim olunur.
Qeyd edilib ki, “Rostex”ə daxil olan Rusiya müdafiə holdinqləri tərəfindən təqdim edilən məhsulların hamısı real döyüş şəraitində sınaqdan keçirilib və cəbhə xəttindən alınan geribildirimlər əsasında təkmilləşdirilib. Bu məhsullar müasir yüksək intensivlikli müharibə üçün tam adaptasiya olunub.
Eyni zamanad, sərgidə nümayiş etdirilən nümunələr arasında “Almaz-Antey” konserninin, STC, “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin və “Rosel” tərəfindən istehsal edilən müxtəlif mənzilli HHM sistemləri və radioelektron mübarizə (və ya elektron müharibə) kompleksləri yer alır. O cümlədən PUA-lara qarşı mübarizə sistemlərinin geniş xətti təqdim olunur. “Uralvaqonzavod” konserni Minskdə zirehli texnika nümunələrini – T-90MS “Prorıv” tankını, TOS-1A odsaçanını və mühəndis texnikasını təqdim edir.
Bundan əlavə, şirkət stendində PUA-lar, özüyeriyən artilleriya qurğuları və minaatanlar, müxtəlif kalibrli müasir sursatlar, radioelektronika, avionika və digər məhsullarla tanış olmaq mümkündür.