Belarus MILEX-2021-də yeni 122 mm-lik “Şkval” YARS-ı sərgiləyib

Belarusun Minsk şəhərində keçirilən 10-cu MILEX-2021 Beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində “Volatavto” şirkəti yeni məhsul nümunələrini sərgiləyir.
“Poliqon” xəbər verir ki, bu məhsullar sırasına 122 mm-lik “Şkval” yaylım atəşli reaktiv sistemi (YARS) də daxildir.
Yeni “Şkval” YARS Ural-432007 avtomobilinin şassisinə yerləşdirilib, döyüş maşınında Belarus istehsalı olan istiqamətləndirici borular, həmçinin müasir rabitə və məlumat ötürmə sistemi quraşdırılıb ki, bu da sistemin atəş mövqeyində qalma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və müasir döyüşdə sağqalma qabiliyyətini artırmağa imkan verib.
İstehsalçının sözlərinə görə, 122 mm-lik “Şkval” YARS yalnız BM-21 “Qrad” YARS-ın müxtəlif modifikasiyalarında istifadə olunan döyüş sursatlarından deyil, eyni zamanda Belarusun “Dəqiq elektromexanika zavodu” tərəfindən təkmilləşdirilmiş 122 mm-lik reaktiv mərmilərdən də istifadə edə biləcək.
Əhəd Əzizov




