Belçika Fransadan 9 ədəd CAESAR NG alacaq

Belçika Fransadan 9 ədəd CAESAR NG alacaq

Belçika Fransa ilə imzalanmış “CaMo 2” razılaşması çərçivəsində 9 ədəd 155 mm çaplı CAESAR NG özüyeriyən artilleriya qurğusu (ÖAQ) alacaq.

“Poliqon” Belçika və Fransa Müdafiə nazirliklərinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin müdafiə nazirləri birgə saziş imzalayıb.

2027-ci ildə Belçikaya təhvil verilməsi planlaşdırılan ÖAQ-ların 62 milyon avroya (65 milyon ABŞ dolları) başa gələcəyi bildirilib. Bu satınalma paketinə əlavə olaraq, Rabitə və İnformasiya Sistemləri (CIS) üçün avadanlıqlar, artilleriya hissələri üçün lazım olan avadanlıqlar və proqram təminatı, eləcə də birgə təlimlər daxil edilib.

Fransanın “Nexter” şirkəti tərəfindən istehsal edilən yeni CAESAR NG əvvəlki nəsil CAESAR ÖAQ-ların təkmilləşdirilmiş variantıdır. 6×6 təkər formullu şassi üzərinə quraşdırılan ÖAQ 40 km məsafəyə qədər atəş aça bilir. Yeni ÖAQ yüksək taktiki və strateji hərəkətliliyə malik uzaqmənzilli dəqiq ağır artilleriya qabiliyyətini təmin edir.

Yeni nəsil CAESAR NG ÖAQ CAESAR-ın konfiqurasiyasını özündə saxlasa da, ekipajın mühafizəsi və artilleriya qurğusunun hərəkətliliyində xeyli təkmilləşdirilmə işləri aparılıb. Təkmilləşdirilmə nəticəsində CAESAR haubitsasının inteqrasiya olunduğu nəqliyyat vasitəsinə mina və güllə keçirməyən kabinənin əlavə edilməsi ilə əldəqayırma partlayıcı qurğulara və kiçik çaplı sursatlara tab gətirə biləcək. CAESAR NG 460 at gücünə malik yeni mühərrik (əvvəllki versiya 215 at gücünə malik olub), yeni avtomatik sürətlər qutusu və yeni şassi ilə təchiz edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS