Belçika HHQ ilk F-35A döyüş təyyarələrini təhvil alıb

Belçika HHQ ilk F-35A döyüş təyyarələrini təhvil alıb

Belçika Hərbi Hava Qüvvələri (HHQ) F-35A “Lightning II” döyüş təyyarələrinin ilk partiyasını təhvil alıb.

“Poliqon” Belçika Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təhvil alınan üç ədəd F-35A təyyarəsi ölkənin Florennes aviabazasına yerləşdirilib.

Qeyd edək ki, F-16 “Fighting Falcon” döyüş təyyarələri artıq 40 ildən çoxdur ki, Belçika HHQ-nin əsas zərbə gücünü təşkil edir. Lakin bu təyyarələr artıq istismar müddətinin sonuna çatır və müasir təhlükələr fonunda əməliyyat imkanları məhduddur.

Bu səbəbdən Belçika hökuməti 2018-ci ilin oktyabrında 34 ədəd F-35 almaq qərarına gəlib. Sonradan əlavə 11 ədəd daha sifariş verilib. F-35-lərin alınması ölkənin təhlükəsizliyini təmin etmək, Avropa əməkdaşlığını gücləndirmək və NATO çərçivəsində qarşılıqlı fəaliyyəti artırmaq üçün verilmiş strateji qərardır.

F-35 sadəcə döyüş təyyarəsi deyil, həm də 5-ci nəsil döyüş sistemidir. Onun gizlilik texnologiyası sayəsində aşkarlanması çətindir. İnkişaf etmiş sensorları döyüş meydanının tam mənzərəsini təqdim etmək üçün məlumatları birləşdirir. O, pilotsuz uçuş aparatlarını aşkar edə, dəqiq zərbələr endirə və məlumatları real vaxt rejimində müttəfiqlərlə bölüşə bilir.

Yeni təyyarələri qəbul etmək üçün Florennes aviabazası tam modernləşdirilib. Bu çərçivədə yeni binalar tikilib, infrastruktur yenilənib, personal strukturu dəyişdirilib və uyğunlaşdırılmış təlim proqramları tətbiq olunub. Belçikalı pilot və texnki heyət üçün təlimlərin əsas hissəsi ABŞ-da həyata keçirilir. Bu, onlara beynəlxalq standartlarla birbaşa tanış olmaq imkanı verir. Həmçinin Belçikanın Kleine-Brogel aviabazası da 2027-ci ildən bu prosesə qoşulacaq.

CATEGORIES