Böyük Britaniya İsveçdən “Archer” özüyeriyən haubitsaları alacaq
Böyük Britaniya Ordusu İsveçin “BAE Systems Bofors” şirkətindən 155 mm-lik “Archer” özüyeriyən artilleriya qurğuları (ÖAQ) alacaq.
“Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sifariş çərçivəsində “Archer”lərin 14 ədədlik ilk partiyası cari ay ərzində Britaniya Ordusuna təhvil veriləcək və onlar aprel ayından etibarən xidmət göstərməyə başlayacaq.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles qeyd edib ki, ölkə tərəfindən Ukraynaya verilən ikiqat hərbi yardımlarla bərabər Britaniya Ordusunun daxili imkanlarının da artırılması vacibdir.
Satınalma ilə bağlı Böyük Britaniya Ordusunun Baş Qərargah rəisinin müavini general-leytenant Şeron Nesmit də fikirlərini bölüşüb. O, bu satınalmaya cəmi iki ay içərisində qərar verdiklərini və “Archer”lərin sürətli şəkildə Ukraynaya bağışlanan AS90 ÖAQ-larının yerini alacağını vurğulayıb.
Şeron Nesmit hazırda satınalma müqaviləsinin imzalanması ilə bağlı son müzakirələrin aparıldığını bildirib.
155 mm çaplı “Archer”, Volvo A30D 6×6 şassisinə əsaslanan özüyeriyən artilleriya qurğusudur. O, Böyük Britaniyanın “BAE Systems” konserninin İsveçdə fəaliyyət göstərən törəmə şirkəti “BAE Systems Bofors” tərəfindən istehsal olunur. İlk artilleriya qurğusu 2010-cu ildə üzə çıxarılıb və 2016-cı ildə “Archer” ÖAQ İsveç ordusunun silahlanmasına daxil edilib.
Özüyeriyən qurğu 155 mm-lik FH 77 BW L52 haubitsası ilə təchiz olunub, lüləsinin uzunluğu 52 çapdır. Atəşi idarəetmə sistemi kompüterləşdirilib. Atəşi idarəetmə sistemi bir neçə mərmi ilə bir zərbə (Multiple Round Simultaneous Impact – MRSI) atəş rejimini təmin edir.
Hədəfi maksimal məhvetmə məsafəsi adi qəlpəli-fuqas mərmilərlə 30 km, özütuşlanan döyüş elementli “Bonus” mərmilərlə 35 km, aktiv-reaktiv HHER (ERFB-BB) mərmilərlə 40 km, yüksək dəqiqlikli M982 “Excalibur” tipli mərmilərlə 60 km-ə qədərdir.
Şossedə maksimal hərəkət sürəti saatda 70 km-ə qədər və yanacaq üzrə gediş ehtiyatı 500 kilometrdir. Döyüş vəziyyətində kütləsi 30 ton, heyəti 3 nəfərdən ibarətdir. Qurğunun daşınan döyüş dəsti 21 dəst atəş yığımından ibarətdir. Atəş yığımları doldurma avtomatında daşınır. Atəş tezliyi dəqiqədə 9 atışa bərabərdir.
Xatırladaq ki, Böyük Britaniya Ordusu inventarındakı köhnə AS90 ÖAQ-larını əvəz etmək üçün yeni ÖAQ axtarışına hələ 2021-ci ilin may ayında başlayıb.
2022-ci ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Böyük Britaniya öz Ordusunun inventarından 32 ədəd AS90 ÖAQ-ı hərbi yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə bağışlayıb.