Böyük Britaniya yeni qırıcıların alınması ilə bağlı ciddi seçim qarşısındadır
Böyük Britaniya hökuməti Hərbi Hava Qüvvələri (HHQ) üçün yeni döyüş təyyarələrinin alınması məsələsində ciddi seçim qarşısındadır.
Bu barədə “Poliqon” “Army Recognition”a istinadən xəbər verib.
Bildirilib ki, Böyük Britaniya hökuməti Hərbi Hava Qüvvələri üçün yeni döyüş təyyarələrinin alınmasına dair qərarını elan etməyə hazırlaşarkən, “Unite” birliyi ölkənin Müdafiə Nazirliyini ABŞ istehsalı olan F-35A-lara deyil, Avropa ölkələrinin (Böyük Britaniya, Almaniya, İspaniya və İtaliya) birgə istehsal etdiyi “Eurofighter Typhoon” qırıcılarına üstünlük verməyə çağırıb.
“Unite” birliyinə görə, “Eurofighter Typhoon”ların alınmasına dair qərar həm Böyük Britaniyanın müdafiə sənayesi təcrübəsini qorumaq, həm də ölkəni altıncı nəsil “Tempest” döyüş təyyarəsi proqramının istehsalına hazırlamaq üçün çox vacibdir.
Eyni zamanda, F-35A ilə müqayisədə 24 ədəd “Eurofighter Typhoon” qırıcısının alınmasının iş yerləri və xərclər baxımından da Böyük Britaniya tərəfinə səmərəli olacağı qeyd olunub.
Beləliklə, Böyük Britaniya höküməti ya yüksək çeviklik, zərbə qabiliyyəti və yerli müdafiə sənayesini ön planda tutaraq “Eurofihter Typhoon”, ya da gizlilik və qabaqcıl texnologiyalara üstünlük verərək F-35A qırıcılarını seçəcək.