Bu gün hərbi jurnalist Rəşad Süleymanovun doğum günüdür

Bu gün hərbi jurnalist Rəşad Süleymanovun doğum günüdür

Bu gün “Poliqon” (“AzeriDefence”) hərbi-texnoloji jurnalının mərhum təsisçisi və baş redaktoru Rəşad Süleymanovun doğum günüdür. 38 yaşında koronavirusa yoluxaraq 2020-ci ilin dekabrın 15-də bu xəstəlikdən vəfat edən hərbi jurnalist Rəşad Süleymanovun yaşasaydı 41 yaşı tamam olacaqdı.

Rəşad Süleymanov 1982-ci il aprel ayının 14-də Füzuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1999-2003-cü illərdə müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib, ilk dəfə daimi işə “Həftə içi” qəzetində başlayıb. “525-ci qəzet”, APA İnformasiya Agentliyi və digər mətbuat orqanlarında çalışan jurnalist ömrünün son illərində təsisçisi olduğu POLİQON (“AzeriDefence”) jurnalının baş redaktoru kimi fəaliyyət göstərib. Azərbaycan mətbuatının inkişafında xüsusi xidməti olub.

Rəşad Süleymanovun itkisi Azərbaycan mətbuatı ilə yanaşı Silahlı Qüvvələr üçün çox ağır itkidir

210205Mərhum hərbi jurnalistlə yaşanan xatirələrini “Poliqon”a danışan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq qərargah rəisi, ehtiyatda olan I dərəcəli kapitan Şahin Məmmədov Rəşad Süleymanov ilə ilk tanışlığından söhbət açıb: “Rəşad Süleymanov barəsində xatirələri danışmaq üçün bəlkə də günlər yetməz. Cəmisi 6 illik tanışlığımız dövründə onunla bağlı o qədər xatirələrim var ki, bilmirsən hansını nəql edəsən. Ona görə, qısaca olaraq ilk tanışlığımızdan başlamaq yaxşı olardı. Rəşadla ilk tanışlığımız 2014-ci ildə olmuşdu. “AzeriDefence” (“Poliqon”) hərbi-texniki jurnalı tərəfindən Hərbi Dəniz Qüvvələri barəsində geniş bir məqalə hazırlanmasına qərar verilmişdi.

Həmin vaxt mən HDQ komandanının vəzifələrini icra edirdim. Onunla qərargahda görüşdük. Xarici görkəmindən və sadəliyindən belə bir jurnalın baş redaktoru olması o qədərdə inandırıcı görünmürdü. Düzü bu görüşümüzə kimi “AzeriDefence” (“Poliqon”) jurnalı ilə mənim o qədərdə tanışlığım yox idi. Nədənsə bu jurnal həmin vaxtlar bizlərə gəlib çatmırdı. Hərbi Dəniz Qüvvələrimizin vəziyyəti, gördüyümüz işlər, yaxın perspektivlər barəsində sadə məsələlərə toxunduqca Rəşadın dəqiqlik gətirmək üçün verdiyi suallardan, peşəkar replikalardan mənə aydın olmağa başladı ki, tərəf müqabilim HDQ barəsində nəinki sadə müstəvidə, hətta ən peşəkar səviyyədəki biliklərə malikdir. İlk görüşümüzdən məndə özünə və peşəkar fəaliyyətinə o qədər simpatiya yaratmağı bacardı ki, biz bu gözəl münasibətləri sona qədər qoruyub saxladıq”.

Ş.Məmmədov qeyd edib ki, R.Süleymanov onun xatirələrində sadə, dostcanlı, olduqca bilikli, təşkilatçı, hər zaman öz məsləhətlərini və rəylərini bölüşən, köməyini heç kimdən əsirgəməyən, opponentlərinin rəğbətini qazanan və hər bir təbəqədən olan insanlar arasında böyük rəğbətə malik olan, ən əsasıda Vətənini hədsiz dərəcədə sevən bir insan kimi qalıb.

Öz biliyi və bacarığı ilə Silahlı Qüvvələrimizə çox böyük töhfələr verə bilərdi

“44 günlük Vətən müharibəsi zamanı onunla hər axşam Bayıl parkında görüşüb son günün əməliyyatlarının təhlilini aparırdıq. Gündüzlər müxtəlif telekanallarda hərbi ekspert kimi iştirak etdiyindən axşamlar evə getməzdən öncə bir neçə dəqiqəlikdə olsa görüşməyə vaxt tapırdı. Hər kiçik qələbə barasində xəbər alan kimi gözləri yaşarardı. Çox həssas idi. Doğma rayonu Füzuli alınan günü isə məni qucaqlayıb hönkür-hönkür ağlamışdı”, – deyə Ş.Məmmədov vurğulayıb.

Ş.Məmmədov Rəşadın itkisi ilə indiyə qədər barışa bilmədiyini deyib. Onun sözlərinə görə, Rəşadın itkisi Azərbaycan mətbuatı ilə yanaşı Azərbaycan Silahlı Qüvvələri üçün də çox ağır itkidir. Hesab edirəm ki, o öz biliyi və bacarığı ilə Silahlı Qüvvələrimizə çox böyük töhfələr verə bilərdi”, – deyə Şahin Məmmədov vurğulayıb.

Həm cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışırdı

Mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Rəşad Süleymanovun müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi həm cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışdığını söyləyib: “Rəşad professional jurnalist kimi tədbirlərdə iştirak edirdi. 44 günlük Vətən müharibəsi dövründə və ondan əvvəl sərhəddə baş verən hadisələr zamanı olanları düzgün qiymətləndirməyi bacarırdı. Situasiyaya doğru qiymət vermək qabiliyyətinə malik idi. Yazdığı məqalələrdə ədalət prinsipini gözləməyə çalışırdı. Tənqiddən nəticə çıxarmağı da bacarırdı. O, səhvlərini başa düşürdü, düzgün istiqamət götürürdü və məsələlərə aydınlıq gətirirdi”.

Rəşad sevinirdi ki, oğlu gələcəkdə zabit olacaq və dövlətin, xalqın təhlükəsizliyini qoruyacaq

C.Xəlilov R.Süleymanovun övladı Məhəmməd ilə tanışlığından da söhbət açıb və diqqətə çatdırıb ki, o hərbi texnikalara çox həvəs göstərirdi: “Məhəmməd balaca olanda onunla tanış oldum. Biz Hərbi Dəniz Qüvvələrində görüşdük, şəkillər çəkdirdik. Məhəmməd hərbi texnikalara çox həvəs göstərirdi. Sonradan o Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil oldu. Rəşad sevinirdi ki, oğlu gələcəkdə zabit olacaq və dövlətin, xalqın təhlükəsizliyini qoruyacaq”.

C.Xəlilov vurğulayıb ki, R.Süleymanov “Poliqon” jurnalında həmişə müasir texnikaları təbliğ edirdi: “Bizə deyirdi ki, jurnalda olan yazılara, şərhlərə baxaq və həmin texnikaların təbliğatında iştirak edək. Azərbaycan Ordusunda o texnikaların istifadəsi üçün mövqe bildirirdik. Onun arzusu idi ki, Qarabağda sülh yaransın, torpaqlar işğaldan azad olunsun. Çünki, Rəşad həmin zonadan idi. Çox həvəs ilə də Vətən müharibəsi zamanı gedən prosesləri izləyirdi. Azərbaycan Ordusu qələbə çalanda sevincinin həddi-hüdudu yox idi. R.Süleymanovun əlaqə saxladığı, dostluq etdiyi insanlar onu heç vaxt unutmayacaq. Allah rəhmət eləsin”.

R.Süleymanov əsl peşəkar jurnalist və vətənpərvər insan idi

Zahir HəsənovBirinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, qazi Zahir Həsənov Rəşad Süleymanovla yaşanan xatirələrindən danışıb: “R.Süleymanov barədə çox söz danışmaq olar, danışdıqca da qurtarmaq olmaz. Ancaq bütün bunlara baxmayaraq, qısa olaraq deyə bilərəm ki, Rəşad mənim yaddaşımda çox alicənab və böyük ürəkli insan kimi qalıb. Onun qəlbi çox geniş idi, hər bir insanı dinləməyi bacarırdı. Əsl peşəkar jurnalist və vətənpərvər insan idi. Rəşadın vətənpərvərliyindən irəli gəlirdi ki, heç vaxtı, heç nədən çəkinmirdi. Deyəcəyi sözü də çox qısa şəkildə, konkret olaraq söyləyirdi”.

Z.Həsənov mərhum hərbi jurnalistin onun həyatındakı rolundan da bəhs edib: “Mənim həyatımda şəxsən Rəşadın böyük rolu var. O, mənim pərəstişkarım idi. Öz diplom işini də hətta mənim həyatıma bağlamışdı. Biz onda hələ bir-birimizi tanımırdıq. Sonradan mənim daha da irəli getməyimə və yüksəlməyimə Rəşadın yazıları böyük təkan verdi”.

O, hərbi jurnalistin Vətən müharibəsi zamanı yerinə yetirdiyi peşə fəaliyyətindən də söhbət açıb: “Mən Vətən müharibəsi iştirakçısı olan müddətdə Rəşad ilə bir günləri – müharibənin lap qızğın vaxtında keçib əraziyə getmişdik. Hərçənd, o tərəfə keçməyə ona icazə verilmirdi, ancaq keçə bildik. Mən ondan xahiş etmişdim ki, Rəşad çalış qayda-qanunların hamısına riayət edəsən, subordinasiya qaydalarını gözləyəsən. Ancaq bir də görürdüm ki, gözümdən yayındı getdi. Bu, Hadrutda, Xocavənd rayonu ərazisində, düşmənlərimizin kütləvi məhv edildiyi yerlərdə baş verirdi. Yayınıb gedib onları çəkirdi. Hətta əlində imkanı olsa idi, avtomatı əlimdən alıb döyüşə də girərdi. Çünki bu onun vətənpərvərliyindən, Vətənə olan məhəbbətindən irəli gəlirdi. Rəşad Vətənini sevdiyi kimi onun əsgərlərini və zabitlərini də sevirdi. Bundan əlavə Rəşad ümumiyyətlə Azərbaycan xalqını sevən çox dərin fikirli bir insan idi”.

İlk dəfə PUA-ların Azərbaycana gətirilməsi təklifini verənlərdən biri də Rəşad idi

Z.Həsənov hərbi-texnologiyanın incəliklərini dərindən mənimsəyən Rəşad Süleymanovun Azərbaycanın region-dost ölkələri ilə, xüsusilə də Azərbaycan-Türkiyə müdafiə sənayesi əlaqələrinə böyük töhfələr verməsi haqqındakı məsələlərə toxunub: “Rəşadın Vətən müharibəsi zamanı sevincinin həddi-hüdudu yox idi. Çünki ilk dəfə pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycana gətirilməsi təklifini verənlərdən biri də Rəşad idi. Bu müharibədə də PUA-lardan çox istifadə olunduğu üçün hədsiz xoşbəxt idi”.

Z.Həsənov qeyd edib ki, Rəşad qələbəni gördü, ancaq onu yaşaya bilmədi: “Qələbədən sonra yaşasaydı çox şeylər yaradacaqdı. Onun yaradıcılığı çox irəli gedəcəkdi, ancaq yaşaya bilmədi. Bir daha Allah ona rəhmət eləsin. Allah onu bizdən uzaqlaşdırmış olsa da, Rəşadı bizim xatirəmizdə həmişə yaşatsın. Necə ki, biz onu yaddan çıxarmırıq”.

Bu gün bizim əsas vəzifəmiz Rəşad Süleymanovun adının yaşadılmasıdır

uzeyirceferov 450x307 1Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov da Rəşad Süleymanovla olan xatirələrini bölüşüb: “Mənim üçün dəyərli və unudulmaz olan həmkarımız Rəşad Süleymanovla bağlı çoxlu xatirələrim var. Ancaq ən böyük xatirəm Rəşadla biz yol-yoldaşı olan zaman yaranıb. Biz onun vaxtında xidmət keçdiyi Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin birində olduq. Onunla həm helikopterdə bir yerdə olduq, həm də hərbi hissəni və səngərləri bərabər gəzdik”.

R.Süleymanovun əsgərlərə qarşı olan doğma münasibətini diqqətə çatdıran Ü.Cəfərov vurğulayıb ki, R.Süleymanov onlarla söhbət zamanı sanki kənardan gələn mülki şəxs deyildi, əsgərlələ birgə xidmət keçən insan idi: “Rəşad uzun illərdir hərbi xidmətdən ayrılmağına baxmayaraq əsgərlər ilə o qədər mehriban, səmimi danışırdı və davranırdı ki, hiss olunurdu, o, əsgərlərin psixologiyasını çox yaxşı bilir. Əsgərlər də onunla gülə-gülə, çox səmimi söhbət edirdilər. Mənim üçün kənardan bu çox maraqlı görünürdü. Çünki həm döyüşlər vaxtı, həm də atəşkəsdən sonra təlim hərbi hissəsində on minlərlə şəxsi heyətlə, əsgər və zabitlərlə işləyən bir zabit kimi mənim özümə də maraqlı idi. Maraqlı idi ki, Rəşad necə asanlıqla ünsiyyətə girir, onlarla zarafatlaşır və dərdləşir. Əsgərlər də heç bir kompleks hiss etmədən Rəşadla xidmətin incəliklərindən danışır, fikirlərini bölüşürdülər”.

Ü.Cəfərov qeyd edib ki, R.Süleymanovun övladlarından biri onun vaxtı ikən xidmət keçdiyi sərhədçi peşəsini özünə seçib və təhsil alır. O, inandığını bildirib ki, Rəşadın oğlu layiqli təhsil alacaq və gələcəkdə Məhəmməd Rəşadoğlu kimi ən tanınmış zabitlərdən biri olacaq.

“Bir şeyi də mən heç vaxt unutmayacağam. Rəşad övladına kiçik toy etdi və biz dostları da həmin toya dəvət etdi. Bilirsiz, mövhumatlıq üçün demirəm, həyatda bəzən biz deyirik övlad toyu görmədi, qız köçürmədi, oğlan evləndirmədi, Rəşad övladına da bütün jurnalist həmkarlarının, dostlarının, tanıdıqlarının iştirakı ilə möhtəşəm bir toy məclisi keçirdi”, – deyə Ü.Cəfərov bildirib.

Fəxr edirəm ki, Rəşad kimi təcrübəli qardaşı tanımışam

Ü.Cəfərov vurğulayıb ki, R.Süleymanov xaraktercə çox doğma təsir bağışlayan bir insan idi: “O, hər kəslə tez bir zamanda ünsiyyətə girirdi. Rəşadın çox müsbət keyfiyyətləri var idi. Heyf ki, COVID-19 virusu onu bizim sıramızdan qopardı. Rəşad hər zaman bizim qəlbimizdə olacaq. Mətbuat şurasında da keçirilən tədbirdə mən öz ürək sözlərimi dedim. Bildirdim ki, bizim əsas vəzifəmiz bu gün Rəşadın adının yaşadılmasıdır. Nə qədər biz, onu tanıyan insanlar yaşayırıq Rəşadı yaşatmalıyıq.

Rəşad mənim üçün hər zaman sağdır. Nə qədər yaşayıramsa Rəşadı öz qəlbimdə, ürəyimdə, yaddaşımda yaşadacağam. O, cismani olmasa da, ruhu sıramızda hər zaman bizimlə addımlamalıdı. Fəxr edirəm ki, Rəşad kimi təcrübəli qardaşı tanımışam. Allah rəhmət eləsin. Ailəsinə, doğmalarına səbr diləyirəm”.

Qeyd edək ki, R.Süleymanov (ölümündən sonra) 2020-ci ildə Vətən müharibəsi zamanı arxa cəbhədəki fəal iştirakına görə “Xarıbülbül” mükafatı və 2021-ci ildə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə təltif olunub.

Hərbi jurnalist Anar Şuşalı tərəfindən R.Süleymanovun xatirəsinə həsr olunan “Rəşad xatirələrdə” sənədli filmi hazırlanıb. R.Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən sənədli film TV vasitəsi ilə geniş ictimaiyyət arasında yayımlanıb.

R.Süleymanovun orta təhsil aldığı Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində adına sinif otağı verilib, onun fəaliyyətini əks etdirən guşə yaradılıb.

Ötən ilin iyunun 24-də Azərbaycan Mətbuat Şurasında “Poliqon” jurnalının yaranmasının 10 illik yubleyi ilə bağlı keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Rəşad Süleymanovun adının əbədiləşdirilməsi üçün gələn il Mətbuat Gününə qədər media mükafatının təsis edilməsinin qərara alındığını elan edib.

rəsad suleymanov

Poliqon.az

CATEGORIES
TAGS