Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

“Poliqon” xəbər verir ki, Hərbi Liseyin 52-ci buraxılış mərasimində Azərbaycan Milli Müdafiə Universitetinin rəhbərliyi, Türkiyə Milli Müdafiə Universitetinin prorektoru, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib və liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov bildirib ki, Ulu Öndərin təməlini qoyduğu bu təhsil ocağının ordunun peşəkar hərbçi ilə təmin olunmasında rolu böyükdür: “Ulu Öndər bu liseyi yaradanda böyük sınaqlarla qarşılaşıb. O, müstəqillik illərində hakimiyyətə qədəm qoyduqda ordumuzun inkişafında yeni mərhələ başladı. Müstəqilliyimiz dövründə məzun olmuş 5 000 kursant təhsilini davam etdirib zabit oldu. Onlar dövlətimizin ərazi bütövlüyünün qorunmasında böyük işlər gördülər. Liseyin məzunları Vətən Müharibəsində iştirak etdilər”.

Türkiyə Milli Müdafiə Universitetinin prorektoru, professor doktor Talat Canbolat tədbirdə çıxış edib. O qeyd edib ki, Azərbaycan Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına hərbi liseyinin məzunlarının bir qismi təhsilini Türkiyədə davam etdirəcək. T.Canbolat iki ölkənin ordu quruculuğunda Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün rolunu vurğulayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın son dövrdə daha da inkişaf etdiyini bildirib.

Çıxışların ardınca tədrisdə və intizamda fərqlənən liseyin kursantlarına attestat və liseyin döş nişanı təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə məzun rəmzi vurulub.

Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib və təntənəli marşla tribunanın önündən keçib.

CATEGORIES