Cənubi Koreya Misirə K9 “Thunder” özüyeriyən haubitsalarını ixrac edəcək

Cənubi Koreya Misirə K9 “Thunder” özüyeriyən haubitsalarını ixrac edəcək

Cənubi Koreya Misirə 2 trilyon von (1,65 milyard ABŞ dolları) dəyərində K9 “Thunder” özüyeriyən artilleriya qurğularının (ÖAQ) satışı ilə bağlı müqavilə imzalayıb.

“Poliqon” “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, artilleriya sisteminin Afrika bazarına ilk girişi barədə Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (Defense Acquisition Program Administration – DAPA) bildirib.

Cənubi Koreya istehsalçısı olan “Hanwha Defence” şirkəti və Misirin Müdafiə Nazirliyi Qahirədəki hərbi obyekt olan Artilleriya Evində 10 ildən çox davam edən təkrar danışıqları bağlayan ən böyük K9 “Thunder” ÖAQ-ının ixrac müqaviləsini imzalayıb.

DAPA-nın məlumatına görə, müqavilə Misirdə K9 “Thunder” ÖAQ-ın istehsalını və texnologiya transferini əhatə edir.

DAPA Misirə nə vaxt və neçə ədəd özüyeriyən K9 “Thunder” haubitsasının veriləcəyi də daxil olmaqla, digər təfərrüatlar barədə ətraflı məlumat verməyib.

Qeyd etmək lazımdır ki, bu müqavilə Misiri K9 “Thunder” artilleriya sistemini ordunun silahlanmasına qəbul edən səkkizinci xarici ölkə edəcək. İndiyə qədər sistemi seçmiş digər ölkələr isə Türkiyə, Polşa, Hindistan, Norveç, Finlandiya, Estoniya və Avstraliyadır.

Bildirək ki, müqavilənin imzalanması Cənuni Koreya prezidenti Mun Çje İn və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında keçən ay Qahirədə keçirilən zirvə görüşündən sonra baş tutub. DAPA-ya görə, bu görüş sazişin bağlanması üçün çox lazım olan impulsu yaratmağa kömək edib.

Bundan başqa, razılaşma çərçivəsində DAPA və Misir Müdafiə Nazirliyi həmçinin müdafiə sahəsində tədqiqat və inkişaf sahəsində ikitərəfli əməkdaşlığa dair ayrıca anlaşma memorandumu imzalayıblar.

Bununla yanaşı, “Hanwha Defense” şirkəti artilleriya qurğularının dünya operatorlarının sayının artırılması üzərində işləməyə davam edir və artıq Böyük Britaniya bazarında bunu həyata keçirir. Bunun üçün şirkət Britaniya tədarükçüləri ilə birləşərək AS90 ÖAQ-ı əvəz etməkdən ötrü Böyük Britaniyanın yeni özüyeriyən haubitsaları almaq cəhdi olan “Mobile Fires Platform” proqramında iştirak edir.

Misirdə olduğu kimi, “Hanwha Defence” şirkəti texnologiya ötürməyə və K9 “Thunder” ÖAQ-ın Böyük Britaniyada istehsalını lokallaşdırmağa hazırdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS