
Çexiyanın L-39 “Skyfox” təyyarəsi “Dubai Airshow 2025”də debüt edir
Çexiyanın “Aero Vodochody AEROSPACE” şirkəti L-39 “Skyfox” təyyarəsinin dünya üzrə ilk təqdimatını “Dubai Airshow 2025” sərgisində edib.
“Poliqon” “Aero Vodochody AEROSPACE”ə istinadən xəbər verir ki, şirkət “Skyfox”u həm yeni silahlanmış konfiqurasiyada, həm də xüsusi olaraq sərgi üçün hazırlanmış tamamilə yeni kamuflyajla nümayiş etdirir.
Sərgi ilə bağlı fikirlərini bölüşən “Aero Vodochody AEROSPACE” şirkətinin prezidenti Viktor Sotona bildirib ki, “Skyfox”un təqdimatı üçün Dubay ən doğru məkandır.
“Bu əla təyyarəni və yenilikləri müştərilərimizə göstərmək üçün dünyanın ən böyük aviasiya sərgisindən daha yaxşı yer yoxdur. Bir həftə ərzində “Skyfox”u dünyanın hər yerindən gələn müştərilərə təqdim edəcəyik. Çünki məhz bu tədbirə bütün aviasiya sənayesi diqqətini yönəldir”, – deyə şirkət rəhbəri qeyd edib.
Təyyarənin kamuflyajına diqqət çəkən V.Sotonanın sözlərinə görə, “Skyfox”un yeni görünüşü şirkətin innovativ yanaşmasını nümayiş etdirir: “Biz artıq cəsarətli addımlar atmağa, ənənə ilə innovasiyanı birləşdirməyə hazır olduğumuzu göstəririk. Yeni kamuflyaj Skyfox-a xüsusi xarakter qazandırır”.
L-39 “Skyfox” müasir çoxməqsədli (təlim-döyüş) təyyarədir. O, pilot hazırlığından tutmuş taktiki və kəşfiyyat missiyalarına qədər bir çox funksiyanı yerinə yetirə bilir. İstehsalçının bildirdiyinə görə, “Skyfox” öz sinfində ən effektiv platformalardan biridir. Təyyarə Aİ və NATO tələblərinə uyğun olaraq sertifikatlaşdırılıb. Bu çoxşaxəli texnoloji platforma müasir simulyasiya və yerüstü təlim sistemlərini bir araya gətirir. Çexiyaya məxsus təlim təyyarəsi L-39 “Skyfox” müasir avionika, güclü reaktiv mühərrik və əla uçuş xüsusiyyətlərini birləşdirərək 4-cü və 5-ci nəsil döyüş təyyarələrini idarə edəcək pilotların hazırlanması, kəşfiyyat və müxtəlif quru qoşunları ilə birgə əməliyyatlara yönəlmiş taktiki missiyaların icra edilməsi üçün ideal seçimə çevrilir.
