
Ukrayna və Almaniya artilleriya sursatlarının birgə istehsalını planlaşdırır
Ukraynanın “Ukrainian Defense Industry” (“Ukroboronprom”) dövlət şirkəti Almaniyanın “Rheinmetall” şirkəti ilə daha bir birgə müəssisənin yaradılması imkanına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Bu barədə “Poliqon” “Ukrainian Defense Industry” şirkətinə istinadən xəbər verib.
Memorandumun şərtlərinə görə, tərəflər gələcəkdə ayrıca bağlanacaq müqavilələr əsasında Ukrayna ərazisində artilleriya sursatlarının istehsalı üzrə istehsalat güclərinin yaradılması sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar.
“Tammiqyaslı müharibə göstərdi ki, artilleriya mərmilərinə olan tələbat son dərəcə böyükdür və mövcud istehsalat imkanları bu tələbatı tam şəkildə ödəməyə kifayət etmir. Buna görə də hər bir yeni mərmi zavodu, hər bir yeni istehsalat xətti ordunun təminatı üçün həyati əhəmiyyət daşıyır. Biz belə imkanların yaradılması üçün bütün imkanlardan istifadə etməliyik,” – deyə “Ukrainian Defense Industry” şirkətinin baş direktoru Oleq Hulyak bildirib.
Xatırladaq ki, 2024-cü ilin iyun ayında “Ukroboronprom” və “Rheinmetall”ın zirehli texnikaların təmiri və istehsalını həyata keçirən ilk birgə müəssisəsi fəaliyyətə başlayıb.