Çin ixrac üçün lüləli artilleriya silahlarını təqdim edib

Çin ixrac üçün lüləli artilleriya silahlarını təqdim edib

Çinin NORINCO (North Industries Corporation) holdinqi xarici müştərilərə müxtəlif növ 155 mm-lik lüləli artilleriya silahlarının nümunələrini təqdim edib.

“Poliqon” NORINCO-ya istinadən xəbər verir ki,  kataloq “Zhuhai Airshow 2022” sərgisində ilk növbədə ərəb ölkələrinə nümayiş etdirilib.

Holdinq kataloqda təkərli, tırtıllı və qoşqulu platformalarda 155 mm çaplı lüləli artilleriya silahları təklif edib.

Ərəb müştərilərə lülə uzunluğu 39 çap (6045 mm) və çəkisi 4700 kiloqram olan 155 mm-lik AH4 haubitsası təklif olunub.

Bildirilib ki, haubitsanın maksimal atəş məsafəsi istifadə olunan mərmilərdən asılıdır və 25-38 km arasında dəyişə bilər. Haubitsadan GP6 (lazer tuşlamalı), ERFB-HB/HE (Extended-Range Full-Bore Hollow-Base High-Explosive), ERFB-BB/HE (Extended-Range Full-Bore Base Bleed High-Explosive) və ERFB-BB-RA/HE (Extended-Range Full-Bore Base Bleed Rocket-Assist High-Explosive) tipli atəş yığımları atış aparmaq mümkündür. Eyni zamanda, digər 155 mm-lik atəş yığımlarını da tətbiq etmək olar.

Sonrakı təqdim olunan silah isə lülə uzunluğu 52 çap və çəkisi 26500 kiloqram olan SH15 təkərli 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. SH-15 qurğusu dördqapılı zirehli kabina ilə təchiz edilmiş 6×6 təkər formuluna malik “Shaanxi” şassisində yerləşdirilib. Haubitsanın atış məsafəsi mərmi və atımdan asılıdır. Şirkətin məlumatına görə, qurğudan maksimal atış məsafəsi 53 kilometrdir.

Bunlarla yanaşı, holdinq tərəfindən müştərilərə iki 155 mm-lik tırtıllı artilleriya qurğusu da təklif olunur.

Bunlardan birincisi olan SH8 və ya PLZ 155/52 özüyeriyən artilleriya qurğusu (ÖAQ) da lülə uzunluğu 52 çap olan bir silah alıb, lakin ÖAQ-ın çəkisi 43.000 kiloqramdır. Aktiv-reaktiv mərmi ilə maksimal atəş məsafəsi 53 kilometrdir. Qurğunun şossedə hərəkət sürətinin 68 km/saata çata biləcəyi bildirilir. Haubitsa üçün peyk idarəetməsi ilə dəqiq idarə olunan döyüş sursatları mövcuddur. 100 km-ə qədər məsafədə yerləşən hədəfləri vurmağa qadir olan uzaq mənzilli WS-35 mərmisinin hazırlanması barədə də məlumat verilib. Bu qurğu Almaniyanın “Panzerhaubitze 2000” (PzH 2000) ÖAQ-ı ilə eyni imkanlara malikdir, lakin 12.000 kq-dan çox yüngüldür ki, bu da, müvafiq olaraq onu daha mobil edir.

İkinci 155 mm-lik özüyeriyən artilleriya qurğusu isə lülə uzunluğu 45 çap və çəkisi 34500 kiloqram olan PLZ45A4 ÖAQ-dır. Bu sistem həm də peyklə idarə olunan 155 mm-lik mərmilərdən istifadə etmək qabiliyyətinə və 50 kilometrə qədər atəş məsafəsinə malikdir.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş