Çində porşen mühərrikli FP-985 nəqliyyat PUA-sı hazırlanıb
Çində porşenli mühərriklə təchiz edilmiş FP-985 yeni böyük nəqliyyat pilotsuz uçuş aparatı (PUA) təqdim edilib.
“Poliqon” xarici KİV-lərə istinadən xəbər verir ki, Çinin “Flyingpan” şirkətindən olan mühəndislər perspektivli pilotsuz aviasiya vasitəsi yaratmaq üçün Sovet istehsalı An-2 təyyarəsinin konstruksiya elementlərindən uğurla istifadə ediblər.
İlk dəfə iki il əvvəl – 18 sentyabr 2022-ci il tarixində uçan FP-985 nəqliyyat PUA-sı 10 min kilometrlik sınaq uçuşu həyata keçirib.
Yeni böyük PUA qanadların monoplan – bir qanadlı təyyarə konfiqurasiyasında yaradılıb. Bu, konstruksiya FP-985 PUA-sını iki qanadlı (bir-birinin üstündə yerləşən iki qanadı olan təyyarə) Sovet istehsalı An-2 və ya onun çinli analoqu Shifei Y5B təyyarəsindən fərqləndirir. Həmçinin, FP-985 PUA-sında pilot üçün kabina yoxdur. PUA-nı yalnız yerdən idarə etmək mümkündür.
İstehsalçı bildirir ki, PUA-nın maksimal uçuş kütləsi 5700 kq, faydalı yükü isə 2000 kq-dır. O, saatda 200 kilometr kreyser sürəti inkişaf etdirməyə qadirdir. Təyyarənin real istifadəsinin maksimal mümkün hündürlüyü 7500 metrdir.
Qeyd etmək lazımdır ki, Çində 2018-ci ildə Shifei Y5B təyyarəsi bazasında hazırlanmış pilotsuz FP-98 təqdim edilib.
Çinli ekspertlər hesab edirlər ki, belə təyyarələr yüklərin çatdırılması və axtarış-xilasetmə əməliyyatları sahələrində yeni imkanlar açacaq.
FH-98 modeli, Shifei Y-5B prototipi kimi, xüsusi uçuş-eniş zolağına ehtiyac duymur. Uçuş üçün onlara az-çox düz bir səthdə bir neçə yüz metrlik məsafə lazımdır. Yaradıcılar PUA-nı avtopilot və uzaqdan idarəetmə üçün xüsusi sistemlərlə təchiz ediblər. PUA-da avtonom uçuş və eniş proqramı da nəzərdə tutulub.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz Ermənistanın hava hücumundan müdafiə sistemlərini yarmaq üçün modifikasiya edilmiş pilotsuz An-2 təyyarəsindən istifadə edib. Bu zaman təyyarə havaya qalxdıqdan sonra pilot təyyarədən paraşütlə tullanıb.
Əhəd Vahidoğlu