
Çinin HQ-19 zenit-raket sistemi – TƏHLİL
Son illərdə Çin Xalq Azadlıq Ordusu (ÇXAO) zonal hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) üçün bir sıra yeni zenit-raket sistemini (ZRS) silahlanmaya qəbul edib.
“Poliqon”un məlumatına görə, bunlardan hələlik ən uğurlu və effektiv nümunə isə HQ-19 (“Hong Qi-19” – “Qırmızı Bayraq-19”) uzun mənzilli ZRS-dir.
Mövcud açıq mənbələrdə bildirilir ki, o, uçan aparatlardan tutmuş ballistik raketlərin döyüş başlıqlarına qədər geniş spektrli hədəfləri tutmağa qadirdir. Bundan başqa, xaricdə HQ-19 ZRS-in peyk əleyhinə funksiyasının da ola biləcəyi ehtimal edilir.
Beləliklə, HQ-19 (NATO təsnifatı üzrə: CH-AB-2) Çin Xalq Respublikasında hazırlanmış HHM, RƏM və peyk əleyhinə müdafiə (PƏM) sistemidir.
O, ballistik raketləri trayektoriyasının orta və son mərhələlərində məhv edir ki, bu da ABŞ-nin THAAD (Terminal High Altitude Area Defense) RƏM sistemi ilə müqayisə oluna bilər. THAAD ABŞ-nin düşmənin orta mənzilli raketlərini və ya aviasiya vasitələrini yüksək ekzoatmosferik hündürlükdə tutmaq üçün təyin edilmiş yerüstü mobil RƏM sistemidir.
Sistemin inkişaf mərhələləri
Məlum məlumatlara görə, HQ-19 adlı perspektivli ZRS-inin inkişafı keçən əsrin 90-cı illərinin ortalarından gec olmayaraq başlayıb. Bu sistemi inkişaf etdirən təşkilat bu günə qədər məlum deyil. Bu, yəqin ki, hava hücumundan müdafiə məsələləri üzrə ixtisaslaşmış profil institutlardan biridir.
HQ-19 layihəsi xüsusi əhəmiyyətinə görə qabaqcıl texnologiyaların inkişafı üzrə genişmiqyaslı plan olan “863 Proqramı”na daxil edilmişdir. “863 Proqramı” Çin Xalq Respublikası Hökumətinin təşəbbüsü ilə həyata keçirilən Dövlət Proqramı və ya Yüksək Texnologiyaların İnkişafı Planıdır. Proqram tədqiqatın müxtəlif sahələrində qabaqcıl texnologiyaların inkişafının stimullaşdırılmasına yönəlib. “863 Proqramı”nın əsas məqsədi dövlətin xarici texnologiyaların idxalından müstəqilliyinin təmin edilməsidir.
Məlumdur ki, layihələndirmə işlərinin bir hissəsi doxsanıncı illərin sonlarında uğurla başa çatdırılıb. 1999-cu ildə Çin sınaq poliqonlarından birində perspektivli raketin ilk buraxılışı baş tutub. Lakin məlum olduğu kimi, həmin mərhələdə ZRS-ini silahlanmaya qəbul etmək mümkün olmayıb və işlər davam etdirilib. 2000-ci və 2010-cu illərdə xarici mənbələr dəfələrlə yeni raketlərin və HQ-19 ZRS-nin digər komponentlərinin sınaqdan keçirilməsi barədə məlumat veriblər.
Müxtəlif fərziyyələrə görə, bu sınaqlar ya sistemi lazımi səviyyəyə qədər təkmilləşdirmək, ya da onun daha təkmil versiyasını yaratmaq üçün həyata keçirilib. Bu və ya digər şəkildə, bütün bu işlər hava HQ-19 zenit raket sisteminin silahlanmaya qəbul anını yaxınlaşdırmışdı.
Hesab olunur ki, 2010-cu illərin əvvəllərində Çin sənayesi yeni sistemlərin kütləvi istehsalını mənimsəyib. Bundan bir neçə il sonra, 2014-2015-ci illərdən gec olmayaraq (bəzi mənbələrə görə isə 2018-ci ildə), HQ-19 ÇXAO Hərbi Hava Qüvvələri (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunları tərəfindən silahlanmaya qəbul edilib. Göründüyü kimi, bundan bir neçə il sonra qoşunlarda lazımi sayda yeni hava hücumundan müdafiə sistemləri açılıb.
Təəssüf ki, istehsal və qoşunlara çatdırılma, eləcə də sistemin istismarl barədə ətraflı məlumat yoxdur. Hətta təxmini istehsal həcmləri, açılma rayonları və s. məlum deyil. Sadəcə müxtəlif xarici hesablamalar var ki, onların da etibarlılığı şübhə doğurur.
ÇXAO ilk dəfə yeni “Qırmızı Bayraq” seriyalı ZRS-ini yalnız keçən on ilin sonunda elan edib. HQ-19 ZRS sonradan müxtəlif reportajlarda və digər materiallarda görünüb. Xüsusilə, sistemin raket buraxılışları nümayiş etdirilib. Nəhayət, 2024-cü ilin noyabrında bu sistemdən özüyeriyən buraxma qurğusu ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. HQ-19 ZRS, Çjuhayda Airshow China salonunda ən maraqlı eksponatlardan biri olub.
Sistemin xüsusi imkanları
Ehtimal olunur ki, HQ-19 ZRS üzərində iş həvalə edilmiş taktiki-texniki tapşırıqların yüksək mürəkkəbliyi səbəbindən ləngiyib. Sifarişçi düşmən təyyarələri ilə mübarizə üçün təkmilləşdirilmiş xüsusiyyətlərə malik başqa bir zenit-raket kompleksinin deyil, genişləndirilmiş tapşırıqları olan çoxfunksiyalı kompleksin yaradılmasını tələb etmişdi. Bu səbəbdən işlənməsi kifayət qədər uzun zaman aparan yeni həllər və texnologiyalara ehtiyac duyulurdu.
Göründüyü kimi, HQ-19, “Qırmızı Bayraq” seriyasının digər məmulatları kimi, müxtəlif aerodinamik hədəflərə qarşı işləmək qabiliyyətini özündə saxlayır. Sistem təyyarələri, helikopterləri, qanadlı raketləri və s. orta və uzun məsafələrdə məhv etməyə qadirdi.
Bu sinif müasir ZRS-lər ballistik hədəfləri də tuta bilir. Müxtəlif qiymətləndirmələrə görə, HQ-19 operativ-taktiki raketlərin, eləcə də qısa və orta mənzilli komplekslərin raketlərinin döyüş başlıqlarını tuta bilir. Belə bir hədəfin isə maksimal sürətinin saniyədə bir neçə kilometrə qədər müxtəlif təxminləri var.
2021-ci ilin fevralında ÇXAO yeni peyk əleyhinə silahı sınaqdan keçirdiyini açıqlayıb. Yerüstü ZRS Yerə yaxın orbitdə peyk-hədəfi aşkar edib və ona hücum edib. Xüsusu raket hədəfə uğurla tuşlanıb və onu məhv edib. Peyki məhv edən ZRS-inin növü barədə məlumat verilməyib. Bununla belə, xaricdə HQ-19 sisteminin sınaqlara cəlb olunduğu ehtimalı irəli sürülüb. Yeni tipli raketdən istifadənin mümkünlüyü istisna edilməyib.
Beləliklə, HQ-19 sistemi universal HHM, RƏM və PƏM vasitəsi ola bilər. Bu tip seriyalı məmulatlarla birlikdə ÇXAO ölkəni cari və gələcək təhlükələrdən qorumaq üçün bir sıra yeni imkanlar əldə edib.
Sistemin texniki xüsusiyyətləri
HQ-19 bütün zəruri komponentləri özündə birləşdirən tam zenit-raket sistemidir. Bununla belə, ÇXAO bu ZRS, onun tərkibi və taktiki-texniki xüsusiyyətləri də daxil olmaqla, tam məlumatı açıqlamır. Yalnız fərdi komponentlər açıq mənbələrdə və bu yaxınlarda keçirilən sərgidə nümayiş etdirilib. HQ-19 zenit raketinin şəkilləri və fotoşəkilləri də var, lakin onların həqiqiliyi sual altında qalır.
Sistem 4000 kilometrə qədər məsafədə təhlükələri aşkar etmək qabiliyyətinə malikdir və bu da onu böyük ərazilərin qorunmasında effektiv edir.
HQ-19 ZRS-in tərkibinə müşahidə radiolokasiya stansiyası (RLS), komanda məntəqəsi və buraxma qurğuları daxildir. Bütün bu vasitələr avtomobil şassiləri üzərində qurulmuşdur ki, bu da onların hərəkətliliyini təmin edir və müstəqil şəkildə mövqeyini dəyişməyə imkan verir. Ehtimal olunur ki, ZRS yalnız bir növ raketlə təchiz olunub və bu sursat bütün növ hədəflərə qarşı fəaliyyət göstərmək iqtidarındadır.
Type 610A RLS hava vəziyyətinin monitorinqi və hədəf axtarışı vasitəsi kimi qeyd edilib. Bu lokator 3500-4000 km-ə qədər məsafədə iri aerodinamik və ballistik hədəfləri aşkar etməyə qadirdir. RLS eyni vaxtda çoxlu sayda hədəfi izləyə və məlumatları komanda məntəqəsinə ötürə bilər.
HQ-19 ZRS-in özüyeriyən buraxma qurğusu dörd oxlu (8×8) TAC şassisi üzərində qurulub. Döyüş maşını kapotsuz kabinə ilə təchiz olunub, onun arxasında avadanlıq və operatorların iş yerləri olan konteyner var. Arxa tərəfdə raketləri olan altı konteyner üçün buraxma qurğusu var. Açılma zamanı döyüş maşınl domkratlara qaldırılır.
HQ-19 ZRS silindrik gövdədə yerləşdirilmiş, konusvari başlıq örtüklü ənənəvi görünüşlü raketdən istifadə edir. Raketin ümumi uzunluğu 5,8-6 m-dən çox deyil. Diametri təqribən 600 mm-dir. Ehtimal olunur ki, raket ikipilləli sxem üzrə hazırlanıb və bərk yanacaqla işləyən mühərriklərlə təchiz edilib.
Raket aktiv radiolokasiya və infraqırmızı özütuşlama başlıqlarına malikdir. İki kanal hədəfə tuşlama səmərəliliyini və dəqiqliyini artırır. Bəzi məlumatlara görə, raket volframdan hazırlanmış kinetik təsirli döyüş başlığı ilə təchiz edilib. Bütün növ hədəflər birbaşa dəymə (hit-to-kill texnokigiyası) ilə məhv edilir. Ənənəvi partlayıcı döyüş başlıqları əvəzinə sistem kinetik enerji ilə düşmən raketlərini hədəfə alaraq, yan ziyan riskini minimuma endirir. Bu, onu nüvə başlıqları daşıya bilən qısa və orta mənzilli ballistik raketlərə qarşı xüsusilə effektiv edir.
Raket nəqletmə-buraxma konteynerindən şaquli olaraq buraxılır. Müxtəlif mənbələrə görə, uçuş zamanı ən azı 6-7 Mach sürət inkişaf etdirir. Maksimal buraxılış məsafəsi 450-500 (bəzi mənbələrə görə 500-600) km-ə, hədəfi tutma hündürlüyü 150 km-ə qədərdir. Eyni zamanda, müxtəlif sinif hədəflərin tutulması müxtəlif məsafələrdə və yüksəkliklərdə mümkündür.
Çin hərbi sənaye kompleksinin son nailiyyəti
Çin hərbi-sənaye kompleksi müxtəlif sinif müasir zenit sistemlərini inkişaf etdirmək qabiliyyətini çoxdan nümayiş etdirib. Oxşar məhsulların bütün çeşidi ÇXAO və xarici müştərilər üçün daşınan zenit-raket komplekslərindən tutmuş tam hüquqlu uzun mənzilli sistemlərə qədər istehsal olunur. Bu zama, müxtəlif xarakterli hədəflərlə mübarizə məsələlərinə xüsusi diqqət yetirilir.
Son onilliyin ortalarında bu istiqamətdə görülən işlərin daha bir nəticəsi HQ-19 ZRS-nin silahlanmaya qəbulu olub. İndiyə qədər ÇXAO əhəmiyyətli sayda belə sistemlər alıb və onların köməyi ilə HHM və RƏM, müəyyən mənada PƏM sistemini gücləndirib. Üstəlik, bu cür sistemlər orduya müdafiə sahəsində yeni imkanlar verib.
HQ-19 sisteminin real imkanları məlum səbəblərə görə açıqlanmır və bu məlumatın hətta yaxın gələcəkdə də məxfilikdən çıxarılması mümkün görünmür. Bununla belə, artıq aydındır ki, bu hava hücumundan müdafiə sistemi hazırda öz sahəsində ən qabaqcıl Çin inkişafıdır və yaxın gələcəkdə də belə qalacaq.
Əhəd Vahidoğlu