Rusiya istehsalı hərbi məhsullar İraqda nümayiş olunacaq

Rusiya istehsalı hərbi məhsullar İraqda nümayiş olunacaq

“Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) 2025-ci il 19-22 aprel tarixlərində İraqın paytaxtı Bağdad şəhərində keçiriləcək IQDEX-2025 Beynəlxalq Təhlükəsizlik, Müdafiə və Hərbi Sənaye Sərgisində ilk dəfə Rusiya istehsalı olan hərbi məhsulları nümayiş etdirəcək.

Bu barədə “Poliqon” “Rosoboroneksport” şirkətinə istinadən xəbər verib.

Sərgi ilə bağlı fikirlərini bölüşən “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, İraq “Rosoboroneksport”un Yaxın Şərqdəki əsas tərəfdaşlarından biridir: “Rusiya hərbi texnikası burada yaxşı tanınır və yüksək qiymətləndirilir. Ölkənin Silahlı Qüvvələri digərləri ilə yanaşı, T-90 və T-72 tankları, BMP-3 PDM-ləri, TOS-1A ağır odsaçan sistemləri, Mi-35 və Mi-28 helikopterləri, “Su” seriyalı təyyarələr və atıcı silahlardan istifadə edir. Bu silahlar İraqa çoxsaylı terror qrupları qarşısında ölkənin suverenliyini müdafiə etməyə kömək edib”.

Onun sözlərinə görə, bu gün “Rosoboroneksport” şirkəti İraqla hərbi-texniki əməkdaşlığı intensivləşdirməyi gözləyir.

“IQDEX-2025 zamanı biz ölkənin Silahlı Qüvvələrinə və digər təhlükəsizlik orqanlarına real döyüş şəraitində sınaqdan keçirilmiş və onların nəticələrinə əsasən modernləşdirilmiş yeni Rusiya məhsullarını təklif edəcəyik”, – deyə şirkətin baş direktoru vurğulayıb.

Qeyd olunub ki, IQDEX, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün silah və hərbi texnika sahəsində ən son texnologiyaları təqdim edən regional müdafiə sərgisidir. Bu sərgi İraqın işgüzar dairələrinin, müəssisələrinin və regionun silahlı qüvvələrinin nümayəndələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün unikal platformadır.

Sərgidə “Rosoboroneksport” “Typhoon-K” zirehli maşınının şassisində “Kornet-EM” tank əleyhinə raket kompleksini və ondan atılması üçün hazırlanmış “Bulat”  raketini nümayiş etdirəcək.

Pilotsuz uçuş aparatları (PUA) və süzən sursat sahəsində “Orlan-10E”, S-350M “Skat”, “Kub-E” və “Kub-2E” məhsulları təqdim olunacaq.

Şirkət atıcı silahlar tərəfində AK-203, AK-15, AK-15K, AK-19 və AK-308 avtomatlarını, “Çukavin” snayper tüfəngini, RPL-7 yüngül pulemyotunu, PPK-20 tapança-pulemyotunu və QP-46 lüləaltı qumbaraatanını sərgiləyəcək.

Bundanlardan başqa, “Rosoboroneksport” şirkəti IQDEX-2025 sərgisində RB-504P-E antidron sistemini, NR-PMD və “Adler” partlayıcı qurğu aşkarlama sistemlərini, “Deimos”, “Phobos” və “Titan” xüsusi termal görüntüləmə cihazlarını, o cümlədən digər məhsulları nümayiş etdirəcək.

CATEGORIES
TAGS