“Combat Air Flying Demonstrator” döyüş təyyarəsinin dizaynı təqdim olunub

“Combat Air Flying Demonstrator” döyüş təyyarəsinin dizaynı təqdim olunub

“BAE Systems”, “Rolls-Royce” və MBDA UK şirkətləri Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə birlikdə, ölkənin əsas döyüş təyyarəsi layihəsi olan “Combat Air Flying Demonstrator”un dizaynını təqdim ediblər.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, layihə əsas mərhələyə çatıb və təyyarənin struktur çəkisinin üçdə ikisi artıq istehsal mərhələsindədir.

Bildirilib ki, pilotlu səsdən sürətli (supersonik) təyyarə, son 40 il ərzində Böyük Britaniyada hazırlanmış ilk bu cür layihədir. Təyyarənin əsas gövdəsi, qanadları və quyruq stabilizatorları “BAE Systems”in Lankaşirdəki müəssisələrində qabaqcıl robotlaşdırılmış və rəqəmsal istehsal, montaj texnologiyaları ilə formalaşmağa başlayıb. Bu isə layihənin inkişafında ciddi irəliləyiş deməkdir.

“Combat Air Flying Demonstrator”, “stealth” texnologiyasına uyğunluq da daxil olmaqla müxtəlif yeni texnologiyaların sınaqdan keçirilməsi üçün hazırlanıb. Bu təyyarə Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən həyata keçirilən Qlobal Döyüş Təyyarəsi Proqramı (Global Combat Air Programme – GCAP) çərçivəsində yeni nəsil döyüş təyyarəsinin hazırlanması prosesində vacib mərhələ hesab olunur və layihə ilə bağlı risklərin azalmasına xidmət edir.

“BAE Systems” mühəndisləri təyyarənin dizayn və istehsalında inqilabi dəyişikliklər edirlər. Onlar bu sahədə 3D çap, robot texnologiyaları, rəqəmsal əkizlər (digital twins), model əsaslı sistem mühəndisliyi və virtual simulyasiya kimi ən müasir rəqəmsal texnologiyalardan istifadə edirlər ki, bu texnologiyalar sayəsində də təyyarələrin daha sürətli, dəqiq və səmərəli şəkildə hazırlanması mümkün olur.

“BAE Systems”, “Rolls-Royce” və Böyük Britaniya Hərbi Hava Qüvvələrinin test pilotları, “Combat Air Flying Demonstrator” təyyarəsini xüsusi simulator vasitəsilə artıq 300 saatdan çox sınaqdan keçiriblər. Bu simulyasiya uçuşları zamanı pilotlar və mühəndislər təyyarənin idarəetmə sistemlərini müxtəlif çətin manevrlərlə yoxlayırlar. Nəticədə, təyyarənin necə idarə olunacağı və necə işləyəcəyi barədə real uçuşdan illər əvvəl ətraflı və dəyərli məlumatlar əldə edirlər.

Bu mühüm işin əsas məqsədi hərbi təyyarələrin istehsalı üçün tələb olunan vaxtı və xərcləri əhəmiyyətli dərəcədə azaltmaq, eyni zamanda Böyük Britaniyanın suveren dizayn, mühəndislik və istehsal imkanlarını qoruyaraq, ölkənin qlobal aerokosmik innovasiya sahəsində lider mövqeyini saxlamaqdır.

CATEGORIES
TAGS