COP29: Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb

COP29: Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində Daxili Qoşunların rəhbərliyi tərəfindən ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı polis orqanlarının əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.

Bu barədə “Poliqon”a Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Mətbuat Xidmətindən məlumat verilib.

Daxili Qoşunların Baş İdarəsinin aidiyyəti idarə, şöbə və xidmət rəisləri, eləcə də hərbi hissə komandirləri tərəfindən məruzə edilib ki, COP29 tədbiri zamanı xidməti-döyüş tapşırıqlarının və müəyyən edilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunub. İlk növbədə, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, polis əməkdaşları ilə birgə xidmətin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi məqsədilə DQBİ-də idarəetmə mərkəzinin, hərbi hissələrdə isə idarəetmə məntəqələrinin fəaliyyəti təşkil edilib. Tədbirin təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilərək vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub.

Bununla yanaşı, hazırlıq mərhələsində xidmətə cəlb olunacaq hərbi qulluqçularla həvalə edilən obyektlərin mühafizəsi və nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması mövzuları üzrə xüsusi məşğələlərin keçirilməsi təmin edilib.

COP29 tədbirinə hazırlıqların yoxlanılması məqsədilə perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, istehkam yarımqruplarının, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələrilə təchizatına və nəqliyyat vasitələrinin texniki vəziyyətinə  xüsusi diqqət yetirilib.

Müəyyən edilib ki, “COP29 ərəfəsində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində görülən işlərin vəziyyəti haqqında” Daxili İşlər Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə qarşıya qoyulmuş xidməti tapşırıqların tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunub.

CATEGORIES
TAGS