Daxili Qoşunlarda Hərbi Şuranın iclası keçirilib

Daxili Qoşunlarda Hərbi Şuranın iclası keçirilib

Oktyabrın 22-də Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının və cari ilin 9 ayının hərbi intizamının vəziyyətinə, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunan Hərbi Şuranın iclası keçirilib.

Daxili Qoşunların Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, iclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini – daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov müzakirəyə çıxarılan məsələlərin şəxsi heyətin maddi-texniki təminatı, sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti, eləcə də noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirinə hərtərəfli hazırlığı kimi sahələri əhatə etdiyini bildirib.

Sonra daxili qoşunlar komandanının müavini – maddi-texniki təminat idarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyəti haqqında məruzə ilə çıxış edib.

Bildirilib ki, qoşun təsərrüfatının qış mövsümünə hazırlığı hissə və bölmələrin döyüş hazırlığının fasiləsiz təmin edilməsində, döyüş təlimində, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, şəxsi heyətin maddi-məişət və mədəni tələbatlarının ödənilməsində, kazarma-yaşayış fondunun, texniki və tibbi təyinatlı obyektlərin, silah, texnika və avadanlıqların hazırlığında, maddi-texniki vasitələrin qorunub saxlanılmasında, ümumilikdə qoşunların hərtərəfli təminatında mühüm və önəmli məsələlərdəndir.

Qeyd edilib ki, qışa hazırlıq işlərinin planlı şəkildə aparılmasının təşkili məqsədilə, daxili işlər nazirinin müavini – daxili qoşunların komandanı tərəfindən təsdiq olunmuş tədbirlər planının icrası ilə bağlı Daxili Qoşunların Hərbi İnstitutunda və hərbi hissələrdə yaradılmış komissiyalar tərəfindən yaşayış və qeyri-yaşayış binalarına, hərbi təsərrüfat obyektlərinə, istilik, elektrik, qaz, su və kanalizasiya sistemlərinə texniki baxışlar keçirilib, görüləcək işlərin həcmi müəyyən edilib, müvafiq aktlar tərtib olunaraq işlərin yerinə yetirilməsi məqsədilə ehtiyac olan avadanlıq və materialların tədarükü və təchizatı həyata keçirilib.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilmiş şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerləşmə və xidmətaparma yerləri zəruri əmlak və avadanlıqlarla təmin edilib.

Qış mövsümünə keçidlə əlaqədar qoşunların şəxsi heyəti mövsümi geyim əmlakları ilə təmin olunub, ərzaq məhsullarının tədarük edilməsi, normalara uyğun şəxsi heyətə çatdırılması, əsgər yeməkxanalarının və iaşə obyektlərinin sanitar vəziyyəti nəzarətdə saxlanılıb.

General-mayor F.Səmədov çıxışının sonunda əminliklə bildirib ki, Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat İdarəsi və hərbi hissələrin komandanlıqları 2024-2025-ci illərin qış mövsümündə hərbi hissələrdə təminat məsələlərinin həlli, eləcə də xidməti-döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçuların xidmət və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı üzərilərinə düşən vəzifələri tam həcmdə həyata keçirəcəklər.

İclasda şəxsi heyət üzrə idarə rəisinin müavini – mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Zamin Rəsulov Daxili Qoşunlarda hərbi  intizamın  vəziyyəti  haqqında məruzə ilə çıxış edərək bildirib ki, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Daxili Qoşunların şəxsi heyəti dövlətçilik və hərbi vətənpərvərlik prinsiplərinə sadiq qalaraq ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında yüksək peşəkarlıq və nizam-intizam nümayiş etdirib. O əmin edib ki, Daxili Qoşunların şəxsi heyəti hərbi intizamın möhkəmləndirilməsində əldə olunan nailiyyətlərin qorunması, eləcə də mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əzmlə çalışacaq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşacaqdır.

DQBİ-nin qərargahının əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi – qərargah rəisinin müavini polkovnik Zəfər Əliyev COP29 tədbiri ilə əlaqədar Daxili Qoşunlarda görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış edib.

Qeyd olunub ki, “COP29 ərəfəsində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində görülən işlərin vəziyyəti haqqında” Daxili İşlər Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Daxili Qoşunlara müəyyən edilmiş vəzifələrin yüksək səviyyədə icrası üçün hazırlıq işləri təsdiq olunmuş tədbirlər planına uyğun olaraq yerinə yetirilir. Polkovnik Z.Əliyev COP29 tədbiri zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, eləcə də nəzarət-buraxılış tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən olunmuş mühüm vəzifələrin tam və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Şuranın iclasında mövcud vəziyyət, fəaliyyətdə qazanılmış nailiyyətlər, eləcə də yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri, onların aradan qaldırılması istiqamətində görülən işlər barədə aidiyyəti vəzifəli şəxslərin hesabat-çıxışları dinlənilib.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov qış mövsümünə hazırlıqla əlaqədar şəxsi heyətin maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə texnikanın istismarı üzrə tədbirlər planında nəzərdə tutulmuş işlərin tam olaraq başa çatdırılması üçün aidiyyəti şəxslərə tapşırıqlarını verib. Komandir heyəti tərəfindən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılmasının önəmli olduğunu bildirib. Bununla yanaşı, noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbiri zamanı xidmətə cəlb olunacaq şəxsi heyətin hərtərəfli hazırlığına önəm verilməsinin vacibliyi vurğulanıb.

Əminliklə bildirilib ki, Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarının icrasını təmin edəcək və yüksək döyüş hazırlığını saxlamaqla qış mövsümünü uğurla başa vuracaqdır.

CATEGORIES