Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş çağırışçıların andiçmə mərasimi keçirilib

Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş çağırışçıların andiçmə mərasimi keçirilib

Avqustun 5-də Daxili Qoşunların hərbi hissələrində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqların azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Dövlət Himni ifa edilib.

Əsgərlər hərbi and içərək, Azərbaycanın mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Tədbirdə çıxış edənlər əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyanın müvafiq maddələrinin tələblərini xatırladıblar.

Sonra Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb. Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları, bundan əlavə, Daxili Qoşunların möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.

Qeyd olunub ki, hərbi and içərək Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə, hər bir hərbi qulluqçu bu müqəddəs andın mənasını tam olaraq dərk etməlidir.

Təbrikdə, həmçinin Azərbaycan xalqının şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətinin fədakarlıq göstərərək, şərəfli döyüş yolu keçdiyi bildirilib. Daxili Qoşunların sıralarına daxil olan hər bir hərbi qulluqçunun Azərbaycan Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalacağına, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurlar qazanacağına əminlik ifadə olunub.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Poliqon.az

CATEGORIES