“Depeşa” yerüstü robotları Rusiya Ordusuna təhvil verilib
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) “Depeşa” yerüstü robotunun yeni partiyasını Rusiya Ordusuna təhvil verib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, dövlət müdafiə sifarişi əsasında istehsal edilən robotlar xüsusi modullarla təchiz olunub.
Bildirilib ki, robotun ən mühüm xüsusiyyətləri sırasında yığcamlıq, manevr və yükgötürmə qabiliyyəti yer alır. O, əsasən tibbi ləvazimatların, döyüş sursatlarının, qida məhsullarının cəbhə xəttinə tez və səssiz şəkildə çatdırılması, habelə yaralı əsgərlərin təxliyə edilməsi üçün nəzərdə tutulub.
Həmçinin “Depeşa”nın dizaynı onun üzərində müxtəlif avadanlıqların quraşdırılmasına da imkan verir. Bu, platformanı geniş tapşırıqlar üçün uyğun edir. Yerüstü robot düşmənin şəxsi heyətini, bunkerlərini, döyüş mövqelərini, gücləndirilmiş atəş nöqtələrini və istehkamlarını məhv etmək üçün də istifadə oluna bilər.
Müstəqil asqı sistemi ilə təchiz olunan yerüstü robot yüksək manevr qabiliyyətinə malikdir. Platformanın maksimum sürəti 30 km/saat, yükgötürmə bacarığı isə 200 kiloqramdır. Uzun məsafələri qət edə bilən “Depeşa”nın robot elementləri “Prometey” proqram-texniki kompleksi tərəfindən təmin edilir.
Xatırladaq ki, ötən ilin ortalarında “Depeşa” robotu xüsusi hərbi əməliyyat zonası da daxil olmaqla, bir çox şəraitdə sınaqdan keçirilib.