
DERİNGÖZ 100M/600 insansız sualtı vasitəsinin dəniz sınaqları yekunlaşıb
ASELSAN şirkətinin hazırladığı DERİNGÖZ 100M/600 insansız sualtı vasitəsi müxtəlif faydalı yük konfiqurasiyaları ilə keçirilən dəniz sınaqlarını uğurla tamamlayaraq inkişafında mühüm bir mərhələni geridə qoyub.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, real dəniz şəraitində sınaqdan keçirilən insansız sualtı vasitə, avtonom naviqasiya, çox yönlü missiya icrası, o cümlədən hərbi və mülki əməliyyat ehtiyaclarını ödəməyə hazır olduğunu sübut edib.
Sınaqlar zamanı DERİNGÖZ 100M/600-ün manevr qabiliyyəti, naviqasiya performansı, optik və sonar görüntüləmə sistemləri, faydalı yük inteqrasiyası və rabitə infrastrukturu dəniz şəraitində hərtərəfli şəkildə yoxlanılıb. O, həmçinin xüsusi missiya tələblərinə cavab vermək üçün fərdiləşdirilə bilən sistem konfiqurasiyaları təklif edir.
Modul və uyğunlaşa bilən platforma kimi dizayn edilmiş DERİNGÖZ 100M/600, 600 metrə qədər dərinlikdə işləmək qabiliyyətinə malikdir və standart şəraitdə beş saatlıq davamlılıq təqdim edir. İki əlavə batareya ilə bu müddət 15 saata qədər artırıla bilər. Sualtı vasitə maksimum 5.5 düyün sürətə çata və 3 düyün sürətlə skan etmə missiyalarını yerinə yetirə bilir. O, fərdiləşdirilə bilən faydalı yükləri, kabelli, simsiz və akustik bağlantı vasitəsi ilə fasiləsiz rabitəni dəstəkləyir. Çevik faydalı yük variantları və uğurla tamamlanan dəniz sınaqları ilə DERİNGÖZ 100M/600, mina əleyhinə tədbirlər, kritik sualtı infrastrukturun mühafizəsi, boru kəmərlərinin yoxlanması, sualtı araşdırmalar və liman təhlükəsizliyi kimi müxtəlif tapşırıqları yerinə yetirməyə tam hazırdır.