QuruXəbərlər

“Diehl Defence” şirkəti yeni IRIS-T SLS MK4 HHM sistemini təqdim edib

“Diehl Defence” şirkəti Almaniyada keçirilən “ILA Berlin 2026” sərgisində IRIS-T SLS hava hücumundan müdafiə (HHM) sisteminin yeni versiyasını təqdim edib.

“Poliqon” “Diehl Defence”yə istinadən xəbər verir ki, IRIS-T SLS MK4 adlanan yeni versiya, xüsusilə hərəkətdə olan qoşunların və kritik infrastrukturun hava təhdidlərindən qorunması üçün nəzərdə tutulub.

Yeni qısamənzilli HHM sistemi 4-cü nəsil IRIS-T SLS kimi 12 km məsafədə və 6 km-ə qədər hündürlükdə hədəfi zərərsizləşdirmə imkanına malikdir. IRIS-T SLS MK4 radar, idarəetmə sistemi və buraxılış qurğusunu, o cümlədən tutucu raketləri bir platformada birləşdirir. Bu “hamısı birində” (all-in-one) yanaşma sayəsində sistem həm yüksək mobillik, həm də kompakt quruluş əldə edir və çox qısa müddətdə mövqeyini dəyişə bilir.

IRIS-T SLS MK4 sisteminin əsas xüsusiyyətləri arasında yüksək avtomatlaşdırma səviyyəsi və çox sürətli reaksiya qabiliyyəti yer alır. Yüksək avtomatlaşdırma səviyyəsi sistemin istifadəsi zamanı ehtiyac duyulan heyət sayının azaldılmasına imkan verir.

HHM sistemində tutucu raket kimi döyüşdə sınaqdan keçmiş IRIS-T istifadə olunur. Raketin texniki hissəsi dəyişməz qalır və gələcəkdə “hərəkət zamanı atəş” qabiliyyətini də mümkün edir.

Back to top button