
“Diehl Defence” və “BAE Systems” şirkətləri Almaniya və beynəlxalq bazar üçün dəniz müdafiə sistemləri üzrə birgə həllər hazırlamaq məqsədilə əməkdaşlığa başlayıb.
“Poliqon” “Diehl Defence”yə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlığın əsas məqsədi Almaniya mərkəzli “Diehl Defence” şirkətinin istehsal etdiyi 127 mm çaplı döyüş sursatının Böyük Britaniyanın “BAE Systems” şirkətinin Mk-45 gəmi topuna inteqrasiya edilməsini təmin etmək, həmçinin dəniz müdafiə sistemləri sahəsində hər iki şirkətin təcrübəsini birləşdirməyin digər imkanlarını araşdırmaqdır.
Əməkdaşlıq çərçivəsində tərəflər tələb olunan texniki inteqrasiya proseslərini araşdıracaq və inkişaf etdirəcəklər. Xüsusi diqqət “BAE Systems” “Mk-45 Mod 4” gəmi topunun Almaniya və beynəlxalq bazarlar üçün “Diehl Defence” şirkətinin yüksək dəqiqliyə və uzaq mənzilə malik 127 mm-lik döyüş sursatı ilə uyğunlaşdırılmasına yönəldiləcək.
Bununla yanaşı, tərəflər “Diehl Defence”nin IRIS-T idarəolunan raketlərinin “BAE Systems”in buraxılış sistemləri portfelinə mümkün inteqrasiyası istiqamətində də əməkdaşlığı genişləndirəcəklər.




