Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsində mediatur təşkil olunub

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsində mediatur təşkil olunub

Oktyabr ayının 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində media nümayəndələri, hərbi ekspert və blogerlər üçün mediatur təşkil edilib.

“Poliqon” xəbər verir ki, tədbirə qatılan qonaqlar əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə güllər düzüblər.

Daha sonra Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi tərəfindən konfrans zalında sahil mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti, eləcə də suveren ərazi sularımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş tədbirlər barədə geniş məlumat verilib, komandanlığın nailiyyətlərini əks etdirən filmə baxılıb.

Sinif otaqlarında tədris prosesi ilə tanış olan qonaqlar Sahil Mühafizəsinin tarixindən bəhs edən  muzeyi, Heydər Əliyev adına İdeoloji Mərkəzi və Baş Komanda İdarəetmə Mərkəzini ziyarət ediblər.

Mediaturun davamında sərhəd gəmiləri ilə dənizə çıxılıb, üzmə vasitələrinin manevr qabiliyyəti müşahidə edildikdən sonra “Şahdəniz” yatağına vizual baxış imkanı yaradılıb.

Bu mediatur qonaqlara Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin fəaliyyətinin müxtəlif aspektlərini əyani şəkildə göstərərək Azərbaycan Respublikasının dəniz sərhədlərinin mühafizəsi ilə bağlı aparılan əməliyyatları daha yaxından tanıma imkanı verib.

Sonda xatirə fotoşəkli çəkdirilib.

CATEGORIES
TAGS