SƏRHƏDXəbərlər

Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzi istismara verilib – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi, xidmət və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı göstərişlərinə əsasən Dövlət Sərhəd Xidmətində (DSX) infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində müasir hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərin şəxsi heyətin peşəkarlığının artırılmasına, onların sosial rifahının yaxşılaşdırılmasına və xidmət fəaliyyətinin daha səmərəli təşkilinə mühüm töhfə verdiyini vurğulayıblar.

Bildirilib ki, Sürücülük Mərkəzində inzibati və tədris binaları müasir standartlara uyğun yenidən qurulub, sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün zəruri tədris bazası yaradılıb, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və nəqliyyat vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə verilib.

Mərkəzdə yaradılan müasir infrastruktur təlim prosesinin səmərəliliyinin artırılmasına, sürücülərin peşə hazırlığının daha yüksək səviyyədə təşkilinə və Dövlət Sərhəd Xidmətinin nəqliyyat təminatı imkanlarının gücləndirilməsinə xidmət edəcəkdir.

Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzdə yaradılmış şəraitlə tanış olub, müasir qərargah binası, sürücülərin nəzəri-praktiki hazırlığının təşkilində zəruri infrastruktur, geniş və tam təchiz olunmuş tədris sinifləri, yataqxana, yeməkxana, eləcə də zabit evlərinə baxış keçirib.

Back to top button