Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev şimal bölgəsində yerli sakinləri qəbul edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Xudat şəhərində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.
DSX-nın Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, qəbul zamanı vətəndaşların DSX-ya xidmətə qəbulu, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb.
DSX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetirilməsini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildiriblər, yaradılan şəraitə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.




