Dövlət Sərhəd Xidmətinin əsgərləri and içib

Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edən DSX-nin rəisinin müavini, general-mayor İlham Mehdiyev Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edib. Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamış, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirib.
Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.



