Döyüş robotları: inkişaf perspektivləri və problemləri

Döyüş robotları: inkişaf perspektivləri və problemləri

Heç kimə sirr deyil ki, bu gün robotlar yeni sənaye inqilabının tərkib hissəsinə çevrilib. Artıq belə intelektual maşınlar insanlarla eyni səviyyəyə gəlir və hətta bir çox imkanlara görə onları üstələyir. Məsələn, robotlar insana xas olan yorğunluq və ya aclıq hissiyatını, istirahət və ya məzuniyyət ehtiyacını və digər insan istəklərini tanımırlar. Bu baxımdan, döyüş robotlarının tezliklə bir çox xidmət istiqamətlərindəki insanları əvəz edə biləcəyinin sürətli inkişafı ehtimal olunandır. Bu gün robot texnikasının inkişafı o qədər yüksək səviyyəyə çatmışdır ki, bu geniş diapazonlu müxtəlif hərbi tapşırıqların yerinə yetirilməsinə imkan verir.

Robot, adının kökünü çex dilindəki “robota” (“məcburi əmək”) ifadəsindən götürən və əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq işləyən müxtəlif növ mexaniki əməliyyatlar aparmaq üçün təyin edilmiş avtomatik qurğu deməkdir. Robot müstəqil olaraq insan əməyini qismən və ya tamamilə əvəz edərək istehsalat və digər əməliyyatları həyata keçirə bilir.

Döyüş robotu (hərbi robot) – döyüş şəraitində insan həyatını xilas etmək və ya insan imkanlarına uyğun olmayan şəraitdə işləməkdən ötrü kəşfiyyat, döyüş fəaliyyətləri, minatəmizləmə və s. kimi hərbi məqsədlər üçün insanı əvəz edən avtomatlaşdırmış qurğudur. Döyüş robotları, yalnız insanı qismən və ya tamamilə əvəz edən deyil, həm də havada və suda işləyən antropomorfik hərəkətə malik avtomatik qurğulardır. Hal-hazırda, döyüş robotlarının çoxu tele-mövcudluq cihazlarıdır və çox az sayda model, operatorun müdaxiləsi olmadan bəzi vəzifələri avtonom şəkildə yerinə yetirmək qabiliyyətinə malikdir.

XXI əsrin əvvəllərindən başlayaraq bir çox ölkələr robototexnika sahəsində yeni texnologiyaların inkişafına qoyulan sərmayəni artırıb. Uzun illərdir bu sahədə tanınmış liderlər olan ABŞ və İsrail, son zamanlarda avtonom hərbi sistemlər inkişaf etdirməyə başlayan və texnologiya yarışına girən ölkələrin artan rəqabətini yaşayırlar. Bu ölkələrə Rusiya, Çin, İran, Türkiyə və bir sıra kiçik dövlətlər daxildir. Onların hamısı yüksək texnologiyalar, informatika, proqram təminatı, optika və digər sahələrdə hərbi istifadə problemlərinin həllinə əsaslanan fəal tədqiqatlar aparırlar. Bu ölkələrin liderləri ölkələrinin silahlı qüvvələri üçün robototexnika sahəsində öz təsirli inkişaflarına ehtiyac olduğunu qeyd edərək döyüş robotlarının əhəmiyyətini qəbul edirlər. Yeni texnologiyaların ortaya çıxması, mövcud normaları və hərbi taktikaları əlaqəsiz edir, yaxın gələcəkdə hərbi sahədə rəqabətin necə inkişaf edəcəyi ilə bağlı bir çox suallar doğurur.

Hazırda döyüş robotları olaraq adlandırılan avtonom robot sistemləri dünyanın müxtəlif ölkələrində getdikcə istifadəyə verilir və döyüş meydanlarında tətbiq olunur. Avtonom sistemlərin yaradılması, sınanması və tətbiqi ilə bağlı işlər yalnız aparıcı güclər və onların rəqibləri tərəfindən deyil, həm də qeyri-dövlət aktorları tərəfindən aparılır. Bu tip texnologiyaların ortaya çıxması hərbi əməliyyatlara yanaşmanı dəyişdirir və bu da silahlı qüvvələrin şəxsi heyəti, eləcə də dövlətlərin hərbi taktika sahəsi və siyasəti üçün ciddi nəticələrə səbəb olacaqdır.

Robototexnikanın vacib problemlərindən biri, verilən tapşırıqların istənilən mühitdə – yer üzərində və altında, su üzərində və altında, havada və ya kosmosda öhdəsindən gəlmə qabiliyyətinin yaradılmasıdır. Bu yazıda yerüstü döyüş robotlardan bəhs edəcəyik.

ABŞ Ordusu yerüstü robot vasitələrlə bağlı vəziyyətdə o qədər də üstün deyillər. Müxtəlif qeyri-döyüş məqsədlər üçün kiçik hərbi təyinatlı yerüstü robot komplekslərindən (HTYRK) geniş istifadə edən ABŞ, öz strategiyasında bu tip qurğuların müəyyən növlərinin tətbiqinə ehtiyatla və tədricən yanaşır. ABŞ Ordusu, “qarışıq konvoylar” olaraq adlandırılan bir sıra logistika modelləri və “insan-maşın” qarşılıqlı əlaqə sistemləri ilə birlikdə “opsional idarə olunan” nəqliyyat vasitələrinin inkişafını müdafiə edir ki, bu zaman avtonom nəqliyyat vasitələri logistik dəstək vəzifələrini yerinə yetirməkdən ötrü pilotlu vasitələrin ardınca gələcək. Yalnız bu cür texnologiyalar müəyyən bir yetkinlik səviyyəsinə çatanda ABŞ Ordusu zirehli HTYRK tətbiq etməyə başlayacaq. Hələlik indiyə qədər inkişaf etdirilən belə maşın növlərindən heç biri həqiqətən “avtonom” adlandırıla bilməz və ya müstəqil olaraq döyüş meydanında hərəkət edə və qərar verə bilməz.

Hal-hazırda, belə nəqliyyat vasitələrinin müstəqil işləməsinə imkan verən yüksək texnologiyalı bir həll yoxdur. Buna görə də, birinci mərhələdə belə maşınların insan tərəfindən idarə olunmasına icazə verilir. İndiyə qədər avtonom komplekslərin sınaq və istismara verilmə müddətləri dəqiq müəyyən edilməyib. HTYRK texnologiyalarının hazırkı inkişaf səviyyəsi döyüş tapşırıqlarının əhəmiyyətli bir hissəsinin – hərəkət istiqamətini seçməkdən tutmuş döyüş vəziyyətini qiymətləndirməyə və atəş açmağa qərar verməyə kimi insanlar tərəfindən yerinə yetirilməsini nəzərdə tutur. HTYRK növündən asılı olaraq, operator döyüş fəaliyyətlərinin keçiriləcəyi yerə kifayət qədər yaxın ola və təhlükəyə məruz qala bilər, hansını ki, minimuma endirmək üçün belə nəqliyyat vasitələri, yəni robotlar nəzərdə tutulub.

Bir çox ordu səlahiyyətlilərinin rəsmi açıqlamalarının təhlili nəticəsində belə nəticəyə gəlmək olur ki, ABŞ Ordusu bir robot üçün məsafədən idarə olunan operatorların sayını iki nəfərdən bir nəfərə endirmək və sonra bir adamın eyni anda bir neçə robota nəzarət edə biləcəyi bir sistem yaratmağa çalışır ki, bu sistemdə də məhvetmə üçün atəş açma qərarı həmişə insan tərəfindən qəbul ediləcək. Əlbəttə, belə bir sxem, təhdidlərin çoxluğu və müxtəlifliyi səbəbilə vəziyyəti dərhal qiymətləndirmək və qərar vermək qabiliyyətini nəzərdə tutan mövcud döyüş reallıqları ilə ziddiyyət təşkil edir. Açıq mənbələrdə olan mövcud məlumatları cəmləşdirdikdə belə nəticə əldə edilir ki, indi ABŞ hərbiçiləri müxtəlif növ dəstək maşınları üzərində sınaq keçirir, döyüş HTYRK yalnız bir neçə il ərzində, təxminən 2023-cü qədər yaradıla bilər. Bundan başqa, ABŞ Ordusu “bir adamın bir robot taqımının fəaliyyətini müşahidə etməsinə” imkan verən süni zəka texnologiyaları inkişaf etdirməyi də hədəfləyir. Belə bir konsepsiyanın tətbiqi, komanda rabitə xətlərinin “sındırılmalardan” və pozulmalardan qorunması, robotlara müstəqil olaraq hərəkət istiqamətini seçməyin öyrədilməsi, bir insanın eyni zamanda neçə robotu izləyə biləcəyini, sistemin əhatə dairəsini və “insan-maşın” qarşılıqlı əlaqə sisteminin işləmə müddətini genişləndirmək üsullarını anlamaq üçün həm texnologiyanın, həm də robotların hərtərəfli sınaqdan keçirilməsini təmin edir.

ABŞ hərbiçiləri tərəfindən robototexnikanın silahlanmaya qəbulunda edilən ehtiyatlılıq tam əsaslıdır. Çünki, bir neçə robotun “özbaşına” hərəkəti belə ehtiyatlılığa əsas verir. Məsələn, Cənubi Afrikada sınaq poliqonunda 11 oktyabr 2007-ci il tarixində 35 mm-lik Oerlikon GDF-005 zenit topu ilə silahlandırılmış robot artilleriya qurğusunun işində texniki problem yaranmış, qurğu nəzarətsiz, təsadüfi və avtonom şəkildə atəş açmış, nəticədə 9 nəfər hərbiçi ölmüş və daha 14 nəfər hərbiçi isə yaralanmışdır. Qeyd etmək vacibdir ki, baxmayaraq ABŞ, Rusiya və Çin süni zəka sahəsində hərbi texnologiyaları inkişaf etdirmək istədiklərini bildiriblər, hələlik dünyanın heç bir ordusunda öz “beyinləri” olan həqiqi avtonom HTYRK yaratmaq üçün lazım olan proqram təminatı yaradılmayıb.

Yerüstü döyüş robotlarının geniş yayılmasına başlamazdan əvvəl ciddi sınaqlar aparmaq və bu tip inkişafların döyüş reallıqlarına uyğun olub-olmadığını öyrənmək zəruridir. Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Müdafiə Nazirliyi, vəzifələri hərbi sənaye kompleksi müəssisələri ilə birlikdə hərbi təyinatlı robototexnika komplekslərinin standartlarını hazırlamaq olan Baş Robototexnika Elmi-Tədqiqat Sınaq Mərkəzi də daxil olmaqla bir sıra bölmələr yaradıb. Son illərdə Rusiya, döyüş təyinatlı və dəstək maşınları üçün geniş çeşidli HTYRK-lərinin hazırlanması və sınanmasında ciddi şəkildə ABŞ və Çinlə rəqabət aparmağa başlayıb. Bu komplekslərin sırasına mina təmizləmə və partlamamış hərbi sursatların uzaqlaşdırılması üçün təyin edilmiş kiçik maşınlardan tutmuş müxtəlif növ silahlarla təchiz edilmiş tank ölçülü maşınlara qədər komplekslər daxildir. Qalır onların döyüş şəraitində tətbiqi üçün bir konsepsiya hazırlamaq…

Rusiyanın “Uran-9” döyüş çoxməqsədli robototexnika kompleksinin Suriyada döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə kifayət qədər təsirli olmadığını nəzərə alaraq, ABŞ-ın tam hüquqlu bir tank robotu təqdim etməyə tələsməməsi başa düşüləndir. 2018-ci ilin aprel ayında Rusiya Federasiyası Müdafiə Nazirliyinin 3-cü Mərkəzi Tədqiqat İnstitutu “Uran-9” çoxməqsədli robototexnika kompleksinin döyüş istifadəsi zamanı aşkar edilmiş çatışmazlıqları qəbul etdiyi “Hərbi robototexnika komplekslərinin inkişafının problemli sualları” adlı təqdimat hazırlayıb. Təqdimatda davamlı idarəetmə məsafəsi, atəş gücü, avadanlıqlar, gediş hissəsinin işləməsi, optika, elektrik və digər elementlər də daxil olmaqla kompleksin əsas komponentlərinin çoxunun işində nasazlıqlar qeydə alındığı vurğulanıb. Bəlkə də əsas problem, operatorun ətrafında baş verənlərə tez bir zamanda səmtlənə və qərar qəbul edə bilməməsidir. Məlum olub ki, kompyüter monitorları vasitəsilə döyüş meydanını müşahidə etmək döyüş bölgəsindəki fiziki mövcudluğu əvəz edə bilmir.

Keçirilən sınaqların nəticələrinə əsasən, yaxın 10-15 ildə Rusiya döyüş HTYRK-lərinin “hərəkətsiz obyektlərə və möhkəmləndirilmiş ərazilərə hücumda” istifadə ediləcəyi qənaətinə gəlinib ki, bu da onların döyüş tapşırığını “birdəfəlik istifadə kamikadzesi” roluna endirir. Bundan başqa, bu tip komplekslər düşmənin zirehli və atəş vasitələrini məhv etmək üçün digər bölmələrlə birlikdə istifadə edilə bilər, ancaq “Hərbi robototexnika komplekslərinin inkişafının problemli sualları” adlı təqdimatda qeyd edildiyi kimi “müstəqil olaraq heç vaxt, çünki HTYRK-nin sıradan çıxması qoyulan tapşırıqların ümumqoşun bölmələr tərəfindən yerinə yetirilməsinə mənfi təsir göstərə bilər”. Bu uğursuzluq, Rusiyanın HTYRK üzərində işiləri davam etdirməsinə mane olmayıb. Beləliklə, bu yaxınlarda Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsalat Konserni” tərəfindən yaşayış məntəqələrində döyüş fəaliyyətləri aparmaq üçün yeni HTYRK hazırlandığı elan edilib.

Rəqiblərindən geri qalmamaq üçün Çin, təminat və logistika sahəsində HTYRK-nin istifadəsi üzrə sınaqlar keçirir. Məsələn, “Popular Mechanics” portalı 21 mart 2018-ci il tarixində Çində köhnə Type-59 tankını məsafədən idarə olunan kompleksə çevirmək layihəsinin mövcudluğu haqqında material paylaşıb. Qeyd etmək lazımdır ki, Çinin minlərlə belə tankı var və süni zəkanın istifadəsi baxımından uyğun konsepsiya hazırlanarsa, gələcək müharibələrdə bu maşınlar avtonom vasitələrin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bu tankların konstruksiyasının sadəliyi nəzərə alındıqda, onların əsasında yaradılan HTYRK-nin itkisi Çin ordusu üçün elə bir ciddi itki olmayacağı aydın olur. Belə HTYRK-nin tapşırıqlarına düşmənin müdafiəsinin aşılması və şəxsi heyət itkilərin minimuma endirilməsi daxil olacaq. Çinin hərbi sənaye kompleksinin müəssisələri, döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan logistik HTYRK üzərində də işləyirlər.

ABŞ istehsalı döyüş robotları. Uzun illər ərzində ABŞ müdafiə sənayesi şirkətləri tərəfindən müxtəlif təyinatlı çoxsaylı döyüş robotları inkişaf etdirilib. Bu robotların sırasına həm XX əsrin 80-ci illərindən başlayaraq yaradılanlar, həm də son illərdə inkişaf etdirilənlər daxildir. “Ford” şirkəti robotlaşdırılmış “Ford SIAM” zenit raket kompleksinin sınaqlarına 1980-ci illərin əvvələrində başlayıb. Kompleks, məsuliyyət zonasında uçan istənilən uçuş aparatına qarşı aviasiya əleyhinə raketlər buraxmaq imkanına malikdir.

“General Dynamics” şirkəti MUTT çoxfunksiyalı taktiki nəqliyyat vasitəsini (Multi-Utility Tactical Transports) yaradıb. Nəqliyyat vasitəsi hərbi təyinatlıdır və teleidarə olunandır. Vasitə 4×4, 6×6 və 8×8 təkər formullu variantda hazırlanıb, lakin zərurət olduqda təkərləri tırtılla əvəz etmək mümkündür. Robot 450 kq-a qədər ağırlığındakı yükü 72 saat ərzində daşıya bilir. Robot sərbəst şəkildə əsgərlərin ardınca gedə bilir, eyni zamanda onu pultla da idarə etmək mümkündür. MUTT üzərində “Browning M2” və “FN Hershel 240B” pulemyotlarını, “Squad Automatic Weapon M249” sistemini, 60 mm-lik minaatanı və ya kəşfiyyat PUA-sını buraxma sistemini quraşdırmaq mümkündür. Nəqliyyat vasitəsi ABŞ Dəniz Piyadaları Korpusunda istifadə olunur.

“HDT Global” şirkəti isə “Hunter WOLF” döyüş robotunu hazırlayıb. Robot bortunda 450 kq yük və 7,62 mm və ya 12,7 mm çaplı pulemyotla silahlandırılmış məsafədən idarə olunan döyüş modulu daşıya bilir. Hərəkət sürəti saatda 32 km, hərəkət məsafəsi isə 100 km təşkil edir. Ehtiyac olduqda, robota əlavə zireh quraşdırılır ki, bu da onun 12,7 mm-lik güllələr daxil olmaqla bütün atıcı silahların güllələrindən, mərmi və mina qəlpələrindən qorumağa imkan verir.

“iRobot” şirkəti özünün 2,3 kq ağırlığındakı “iRobot 110 FirstLook” tırtıllı döyüş robotunu mobil əməliyyatlarda istifadə etmək üçün yaradıb. Şirkətin “iRobot 510 PackBot” tırtıllı robotu isə manipulyasiya, aşkaretmə və tədqiqat üçün təyin edilib. Robot ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən döyüş əməliyyatlarında tətbiq edilir. O, analoqları ilə müqayisədə kiçik ölçüləri ilə fərqlənir ki, bu da ona mürəkkəb döyüş şəraitində istifadəyə imkan verir. Həm də digərlərinə nisbətdə daha sürətlidir və döyüşçülərin tələb etdiyi müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Fəaliyyət məsafəsi 100 m-ə qədərdir. Bir neçə kamera hərtərəfli görünüşü təmin edir, manipulyatorda da bir kamera var, buna görə də robotun nə çəkdiyini görmək mümkündür. Məsafədən idarəetmə pultun joystiki vasitəsilə yerinə yetirilir. Şirkətin hərbi təyinatlı robotlar ailəsinin daha bir nümayəndəsi isə “iRobot 710 Kobra” robotudur. Robot tırtıllıdır, hündürlüyü 3,5 m-ə qədər və kütləsi 150 kq-a qədərdir.

Növbəti robot “QinetiQ” (Foster-Miller/TALON) şirkətinin MAARS (Modular Advanced Armed Robotic System) robot sistemidir. Robot tırtıllıdır, modul tiplidir və M240B pulemyotu ilə silahlandırılıb. Zərurət olduqda tırtılları təkərlərlə əvəz etmək mümkündür. Robot təkmilləşdirilmiş idarəetmə, görüntü və xəbərdarlıq sistemi ilə təchiz edilib. Hərəkət sürəti saatda 12 km-dir. İdarəetmə operator tərəfindən teleidarəetmə vasitəsilə yerinə yetirilir. GPS və ABŞ-ın standart idarəetmə və komandanlıq sistemi ilə dəstəklənir. Kütləsi 150 kq, faydalı yükünün kütləsi isə 45 kq-dır. Pulemyotu manipulyatora əvəz etməklə robotu minatəmizləmə sistemi kimi istifadə etmək mümkündür. Şirkətin digər robotu isə “Talon V” adlanır. Bu robot minatəmizləmə işləri üçün təyin edilib və manipulyatoru tapşırıqlara uyğun olaraq dəyişdirilə bilir.

“QinetiQ” və “Pratt & Miller” şirkətlərinin birgə layihəsi olan tırtıllı avtonom platformalı “EMAV” robotu 12,7 mm-lik pulemyotla silahlandırılmış döyüş modulunu daşıyır. Robotun səsi çox azdır, kütləsi 3 tondur və əlavə olaraq 3,2 ton ağırlığında faydalı yük daşıya bilir. Hərəkət sürəti saatda 72 km-dir.

“Northrop Grumman” konserninin törəmə “Remotec Inc.” şirkətinin istehsalı olan “Andros F6A”, “Andros FX” və “Andros HD1” robotları teleidarə olunandır, ilkin baxış və minatəmizləmə üçün təyin ediliblər. “Andros” ailəsinin davamı olan “mini ANDROS II” robotu isə məsafədən idarə olunan mühəndis təyinatlı hərbi robotdur. Şirkətin tırtıllı “Mk VA1/RONS” robotu 340 kq ağırlığa malikdir. “Wolverine” robotu isə 367-386 kq ağırlığındadır. Bu da məsafədən idarə olunan hərbi robotdur. Robotlar ilk növbədə döyüş sursatlarının zərərsizləşdirilməsi üçün təyin edilib. Ehtiyac olduqda bütün bu robotların üzərinə silah yerləşdirmək mümkündür.

“Resquared” şirkətinin HDMS 551s1 tırtıllı robotu digər robotlardan iki teleidarə olunan manipulyatorunun olması ilə fərqlənir.

“Textron” və “Howe&Howe” şirkətləri birlikdə 10 tonluq RCV “Ripsaw M5” yaradıblar. Robot 2,7 tona qədər ağırlığında silah və kəşfiyyat sistemləri daşımağa qadirdir, saatda 105 km-ə qədər sürət yığa bilir. Avtomatik rejimdə hədəfləri təsbit və təsnif edə, habelə operatorun komandası ilə onlara atəş aça bilir. Silahlanmasına 12,7 mm çaplı M2, 7,62 mm çaplı M240B və M249 “Squard” pulemyotları, 40 mm çaplı Mk19 avtomatik qumbaraatanı kimi silahlar daxil ola bilir. Robot, platformanın “sürücü-operatoru” olan idarəetmə məntəqəsindən 1 km-ə qədər məsafədə radiokanal vasitəsilə idarə olunur. Operator silahları məsafədən yenidən doldura və düyməni basmaqla silahı dəyişdirə bilir. Robotun “Ripsaw EV2” versiyası da artıq yaradılıb.

Yuxarıda qeyd olunan robotlarla yanaşı, ABŞ Ordusunda dörd təkərli platformalı və nəzarət olunan ərazinin telemonitorinqi üçün təyin edilmiş MDARS (Mobile Detection Assessment and Response System), minatəmizləmə üçün təyin edilmiş “Mark II Talon”, müşahidə və kəşfiyyat üçün təyin edilmiş “TALON SWORDS” (Special Weapons Observation Reconnaissance Detection Systems) kimi müxtəlif təyinatlı onlarla hərbi təyinatlı robotlar istifadə edilməkdədir.

Rusiya istehsalı döyüş robotları. Rusiyada da döyüş robotlarının inkişafı geniş vüsət alıb. Bu robotlar müxtəlif təyinatlı olmaqla yanaşı, həm də müxtəlif konstruksiyaya, qabarit-kütlə göstəricilərinə malikdirlər. Hazırda ordu birləşmələrinin silahlanmasında bir neçə növ döyüş robotu istifadə olunur və ya sınaq istismarındadır.

“V.A.Deqtyaryov adına zavod” ASC-nin istehsalı “Nerexta” robotlaşdırılmış kompleksi universal tırtıllı platformada qurulub. Robot Rusiya Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar Fondu tərəfindən yeni texnologiyaların öyrənilməsi məqsədi ilə sınaqlardan keçirilir. Kompleks digər robotlarla birlikdə xüsusi təyinatlı kimi döyüşmək üçün təyin edilib. Bu məqsədlə o, süni zəka, yeni rabitə və idarəetmə sistemləri ilə təchiz olunub. Layihəyə əsasən robot əvvəlcə artilleriya atəşinə düzəliş vermək üçün nəzərdə tutulmuşdu. Lakin, sonradan aparılan işlər nəticəsində kompleks 12,7 mm-lik və ya 7,62 mm-lik PKTM pulemyotu ilə silahladırılaraq “döyüşçü” halına gətirilib. Kompleks məsafədən idarə olunma rejimində dəqiqədə 600-750 atəş açmaq imkanına malikdir. Pulemyotçudan başqa “Nerexta”nın platformasında kəşfiyyatçı və ya transportyor yaradılması da planlaşdırılır. Robot komanda maşınından pult vasitəsilə idarə olunur. Hərəkət sürəti saatda 30 km-dir. Kütləsi müxtəlif mənbələrin məlumatına əsasən 1 – 2,5 tondur. Optik-elektronik sistem, termal cihaz, lazer məsafəölçən və ballistik kompüter kompleksin gecə və gündüz işləməsini təmin edir. Kompleksin növbəti təkmilləşdirilməsi “Nerexta-2” adlandırılıb və hazırda üzərində işlər yerinə yetirilir. İstehsalçının bildirməsinə görə, perspektiv robotu səs və jestlərlə idarə etmək mümkün olacaq. Əlavə olaraq “Nerexta-2” kompleksinin silahlarını əsgərlərin silahları ilə sinxronizasiya edilməsi də ehtimal olunur. Məsələn, xüsusi təyinatlı əsgər nişangahda bir silahlını tutduqda və robot dərhal onun kimi hərəkət edəcək.

Rusiyanın “Vixr” kəşfiyyat-zərbə yerüstü kompleksi BMP-3 piyadanın döyüş maşının (PDM) bazasında hazırlanıb. Maşın təxminən 15 ton ağırlığındadır. Silahlanmasına 30 mm-lik 2A72 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu və “Kornet-M” tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) daxildir. Kompleksin konstruksiyasını BMP-3 PDM-in robotlaşdırılmış baza şassisi, ABM-BSM-30 döyüş modulu, mobil robotlaşdırılmış MRP-100 platforması, rabitə və idarəetmə sistemi təşkil edir. Kompleksin tərkibində 4 ədəd “Çasovoy” PUA-sı da var. Kompleks məsafədən komandir və operator tərəfindən radiokanal vasitəsilə idarə olunur. Zərurət olduqda sürücü-mexanik yerinə otura və PDM-i adi qaydada idarə edə bilər.

“766-cı istehsalat texnoloji dəstləşdirmə idarəsi” Səhmdar Cəmiyyətinin (“766 UPTK” SC) 12 tonluq radioidarə olunan “Uran-9” döyüş robotu kəşfiyyat, öz qoşunlarının atəşlə himayəsi, şəhərdə döyüş fəaliyyətləri kimi tapşırıqların yerinə yetirilməsni təmin edir. O, şəxsi heyəti qorumaq və düşmən atəşi altından çıxarmaq üçün təyin edilib. Silahlanmasına 7,62 mm-lik PKTM pulemyotu, 30 mm-lik 2A72 avtomatik topu, RPO-M/PDM-A “Şmel-M” odsaçanı aiddir. Tanklarla 5 km-ə qədər məsafədə mübarizə aparmaqdan ötrü kompleksin üzərinə “Ataka” TƏİRK quraşdırmaq mümkündür. Kompleksin gövdəsində müxtəlif aparatlar, nişangah kompleksləri, məsafəölçənlər, axtarış və rabitə sistemləri, atəşi və hərəkəti idarəetmə sistemləri yerləşdirilib. Konstruktorların düşüncəsinə görə, “Uran-9” kompleksləri kəşfiyyat robotu və atəş dəstəyi robotu tərkibində cüt-cüt işləməlidir. Bütün bu təsərrüfatın işi bort kompüteri tərəfindən idarə olunur. Zərbə versiyasından başqa, oxşar bazada “Uran-6” robot-istehkamçı və “Uran-14” robot-yanğınsöndürən yaradılıb. İstehkam işləri üçün təyin edilmiş “Uran-6” robotu ərazinin fasiləsiz təmizlənməsi üçün təyin edilib və 4 kq trotil ekvivalentinə qədər olan partlayışlara tab gətirə bilir. “Uran-14” robotunda avtomatik özünüsoyutma sisteminin olması yüksək temperatur zonasında yanğını söndürməyə, eləcə də zirehli gövdə məsafədən idarə olunan maşının komponentlərini və qurğularını qorumağa imkan verir.

“Kalaşnikov” konserninin istehsalı olan “Soratnik” avtomatlaşdırılmış döyüş sistemi müxtəlif videokameralarla və məsafədən idarə olunan silahlı döyüş modulu ilə təchiz olunub. Silahlanmasına həm 7,62 mm-lik PKTM və 12,7 mm-lik “KORD” pulemyotları, həm 30 mm-lik AQ-17A avtomatik qumbaratanı və ya 8 ədəd raketli “Kornet-M” TƏİRK daxil edilə bilər. Kütləsi 7 tondur və hərəkət sürəti saatda 40 km-dir. Düzünə görünüş vəziyyətində fəaliyyət radiusu 19 km-ə bərabərdir. Kompleks PUA-larla qarşılıqlı əlaqədə işləmək üçün xüsusi sistemlə təchiz edilib. Konsernin digər məhsulu isə “Naxlebnik” robotlaşdırılmış kompleksidir. Kompleks Qatlinq sistemli 4 lüləli 7,62 mm-lik QŞQ-7,62 aviasiya pulemyotu ilə, həmçinin aşkaretmə və müşahidə vasitələri ilə təchiz edilib. Pulmyotun atəş tezliyi dəqiqədə 6000 atəş təşkil edir. Robot 1 lüləli pulemyotla da silahlandırıla bilir. “Soratnik” kompleksinin “ortağı” olmaqla yanaşı silahlanmasına, atəş gücünə və kütləsinə görə ondan geri qaldığı üçün ehtimal olunur ki, “Naxlebnik” döyüşdə köməkçi rolunu oynayacaq.

“Proqres” Elmi-Tədqiqat Texnoloji İnstitutu tərəfindən yaradılmış “Platforma-M” robotlaşdırılmış döyüş maşını 4 ədəd 30 mm-lik AQS-30 avtomatik qumbaraatanı və 1 ədəd 7,62 mm-lik PKTM pulemyotu ilə silahlandırılıb. Pulemyotun döyüş dəsti 400 ədəd patron təşkil edir. Elektrik hərəkət hissəsinə sahib maşının hərəkət sürəti saatda 12 km-dir. Batareyaların bir dəfə doldurulması ilə robot 6 saat ərzində dayanmadan hərəkət edə bilir. Elektrik mühərrikinin tətbiqi sayəsində maşın səssiz işləyir. Robot 300 kq-a qədər faydalı yük daşımaq imkanına malikdir.

Rusiyanın “Kunqas” robot kompleksi özündə bir neçə maşını birləşdirir. Bu maşınların sırasına 17 tonluq BTR-MDM “Rakuşka” zirehli transportyorunun robotlaşdırılmış versiyası, 8 (12) tonluq “Nosimıy” robotu, 200 kq-lıq “Lyoqkiy” robotu, 2 tonluq “Vozimıy” robotu və yuxarıda barəsində danışılan “Nerexta” döyüş robotu daxildir. Kiçik ölçülü “Nosimıy” robotu kəşfiyyat üçün, daha ağır “Lyoqkiy” və “Vozimıy” isə istehkam işləri üçün təyin ediliblər. Amma onlar, döyüş silahı ilə təchiz edilə və üzərinə TƏİRK, pulemyotlar və başqa silahlar yerləşdirilə bilər. BTR-MDM “Rakuşka” isə Hava-Desant Qüvvələrində istifadə olunan eyni adlı zirehli transportyorun robotlaşdırılmış versiyasıdır.

“Kovrov elektromexaniki zavodu”nun 40 kq-a qədər ağırlığındakı “Vexdexod TM3” çoxməqsədli mobil robot kompleksi insanlar üçün əlçatmaz və təhlükəli ərazilərdə məsafədən vizual kəşfiyyat, binalarda və ərazidə yerləşən, habelə televiziya kompleksindən istifadə edərək nəqliyyat vasitələrində partlayıcı qurğuya şübhəli əşyaların axtarışı və ilkin diaqnostikası, “Vırub-V” və “Vırub-KM” partlayıcı qurğu məhvedənlərinin daşınması, quraşdırılması və məsafədən aktivləşdirilməsi üçün təyin edilib. Hərəkət sürəti saniyədə 0,9 metrdir. Avtonom vəziyyətdə 1,5 saata qədər müddətdə işləməyə qadirdir və radiokanal və ya naqillərlə məsafədən idarə olunur. Müəssisənin digər “Metallist” robotu isə VSK-94 snayper tüfəngi və “Yarıgin” tapançası ilə silahlanıb, həmçinin RQR, RDR-M və RG-60TB də daxil olmaqla beş müxtəlif növ qumbara ata bilir.

Sadalanan döyüş robotları ilə yanaşı, Rusiya müdafiə sənayesi müəssisələri tərəfindən çoxsaylı robotlar, o cümlədən “Arbalet-DM”, “Akatsiya-E”, “Bumeranq”, Varan”, Volk-2”, Qorets (M3204)”, Kobra-1600”, “MARS A-800”, “MRK-002-BQ-57”, “MRK-27”, “MRK-46”, “MRK-RX”, “Plastunski”, “Proxod”, “RURS”, “RD-RXR”, “Rıs”, “Skarabey”, “Strelok”, “Sfera”, “Tornado”, “Udar” və “RS1A3 Mini Rex” kimi müxtəlif təyinatlı və ölçülü robotlar da inkişaf etdirilib, bəziləri artıq silahlanmaya qəbul olunub, bəzilərinin isə üzərində yekun tamamlama işləri yerinə yetirilməkdədir.

Çin istehsalı döyüş robotları. Çin Xalq Azadlıq Ordusu son illərdə keçirdiyi hərbi təlimlərdə müxtəlif növ döyüş robotlarını tətbiq edərək praktiki sınaqdan keçirib. Bu robotlar sırasında minaaxtaran, yüksək keçidlikli pilotsuz döyüş maşını platforması, infraqırmızı diapazon daxil olmaqla, süni görmə sistemli, böyük çaplı pulemyot və qumbaraatanla silahlanmış şəhər döyüşü üçün təyin edilmiş robot avtomobil yer alıb. Bunlarla yanaşı “HIT Robot Group” şirkəti kəşfiyyatçı, istehkamçı və atıcıdan ibarət robot üçlüyü yaradıb. Xarici mətbuatın yazdığına görə, hər üç robot bir-biri ilə hərəkətləri koordinasiya edərək tamamilə müstəqil şəkildə və ya qrupun tərkib hissəsi olaraq hərəkət edə bilir. 12 kq ağırlığındakı kəşfiyyatçı robot kəşfiyyat və müşahidə əməliyyatları üçün təyin edilib, kameralara və partlayıcı maddələri aşkar edə bilən sensorlar dəstinə malikdir. Əgər kəşfiyyatçı robot fuqas və ya şübhəli əşya taparsa, bir zaman istehkamçı robot işə başlayır. Operator məsafədən idarəetmə sistemindən istifadə edərək şübhəli əşyanı zərərsizləşdirir və ya mexaniki manipulyator-qol vasitəsilə təhlükəsiz yerə aparır. Robotun kütləsi 12 kq-dır. Atıcı robot isə, üzərində avtomatik tüfəng (avtomat) və kiçik çaplı qumbaraatan olan platforma daşıyır. Optik nişangah, elektrik buraxma mexanizmi və məsafədən idarəetmə sistemi bu robotun operatoruna hədəfə təhlükəsiz yerdəki sığınacaqdan nişangah atəşi açmasına imkan verir.

NORİNCO şirkətinin SHARP CLAW 1 döyüş robotu kəşfiyyat tapşırıqlarını yerinə yetirmək, düşmənin canlı qüvvəsini və müdafiəsiz texnikasını məhv etmək üçün təyin edilib. Məsafədən idarə olunan robot anti-terror, piyada əleyhinə, patrul tapşırıqları və şəhər döyüşləri üçün nəzərdə tutulub. Kütləsi 120 kq, hərəkət sürəti saatda  9 km-dir. Yanacaq üzrə gediş ehtiyatı 6 km təşkil edir. Robot 7,62 mm-lik pulemyotla silahlandırılıb və maksimal atəş məsafəsi 500 m təşkil edir. Fasiləsiz iş müddəti 2 saatdır.

“Sany Heavy Industry” şirkətinin istehsalı olan “Giant Tiger” döyüş robotu uzunluğu 4,2 m, eni 2 m və hündürlüyü 1,4 m-dir. Ümumi kütləsi 2,1 tondur və 800 kq faydalı yük daşıya bilir. Robot 12,7 mm-lik pulemyotla silahlandırılıb, həmçinin mürəkkəb sensorlar sistemi və mövqeləmə sistemi ilə təchiz edilib. Bütün bunlar birlikdə, müəyyən bir ərazidə avtonom şəkildə patrulluq etməyə, potensial düşməni tez bir zamanda aşkar və məhv etməyə imkan verir.

Hazırda Çin müdafiə müəssisələri tərəfindən bir çox müxtəlif təyinatlı döyüş robotlarının, o cümlədən insanabənzər və itəbənzər robotların inkişafı istiqamətində konstruktor-mühəndis işləri yerinə yetirilir.

İsrail istehsalı döyüş robotları. Ordunun ehtiyacları üçün G-NIUS şirkəti tərəfindən yaradılmış “Guardium Mk3” döyüş robotu-avtomobil inkişaf etmiş gecə-gündüz optik-elektron müşahidə (həm optik, həm də infraqırmızı diapazonda, həm də radarlarda işləyə bilən videokameralar) və tuşlama kompleksi, həmçinin məsafədən idarə olunan 12,7 mm-lik pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatan və digər silah növləri, məsələn, hücum edənlərə qarşı gözyaşardıcı qaz qumbaraları ata bilən silah sistemi ilə təchiz olunub. Faydalı yükdaşıma qabiliyyəti 300 kq-dır və saatda 80 km sürətlə hərəkət edir. Şirkətin digər məhsulu isə “Avantguard UGCV” döyüş robotudur. Robot, manevr edilə bilən döyüş əməliyyatları zamanı yerüstü tapşırıqları yerinə yetirmək üçün təyin edilib. Real zaman müddətində maneələrin aşkarlanması və aradan qaldırılması ilə bağlı müstəqil qərarlar verir. Yolsuzluq şəraitində yüksək manevr qabiliyyətinə malikdir. Kütləsi 1746 kq, yükqaldırma qabiliyyəti 1088 kq, sürəti isə saatda 20 km-dir. Robot pulemyotla silahlandırılıb.

“Automotive Robotic Industry Ltd.” və “Rafael” şirkətləri birlikdə “Amstaf” döyüş robotunu yaradıblar. Robotun üzərində 7,62 mm-lik pulemyot quraşdırılıb. Robotun kütləsi 900 kq, daşıdığı faydalı yükün kütləsi 850 kq və yedəyə aldığı yükün kütləsi 1 tondur. Quruda saaatda 35 km, suda isə saatda 5 km sürətlə hərəkət edir. “Israel Aerospace Industries” (IAI) konserninin tərkibinə daxil olan “Taasiya Avirit” şirkətinin “Rex” döyüş robotu 180 kq ağırlığında faydalı yükü daşımaq imkanına malikdir. 6 və 2 təkərli variantlarda istehsal edilib. 72 saat ərzində əlavə yanacaq doldurulmadan işləyə bilir. “Elbit Systems” konserninin tərkibinə daxil olan “Elbit Maarahot” şirkəti isə “Galileo” firması ilə birlikdə “VİPeR” adlı robot yaradıb. Robotun kütləsi 12 kq-dır. O avtomat atəşi aparmaq və qumbara atmaq imkanı ilə təmin edilib. Üzərində robot üçün xüsusi layihələndirilmiş 9 mm-lik UZİ tapança-pulemyotunun mini variantı və lazer məsafəölçən quraşdırılıb. Müxtəlif maneələri dəf edə və pilləkənlərlə qalxa bilir. Bütün bunlardan başqa, “VIPeR” robotunda partlayıcı maddələrin aşkarlanması üçün qurğu, həmçinin gecəgörmə daxil olmaqla videokameralar və dinləmək üçün mikrofonlar nəzərdə tutulub.

IAI və “Elbit Systems” konsernlərinin birgə istehsalı olan “Nahshon” robotu 2 ton faydalı yük daşıya bilən və döyüş bölgəsində məsafədən idarəetmə vasitəsi ilə və ya avtonom olaraq işləyə bilən pilotsuz yük maşınıdır. O, terror hücumlarının qarşısının alınması, döyüş logistikası və marşrut yoxlama tapşırıqlarını həyata keçirmək üçün təyin edilib. IAI konserninin “Jaguar” robotu 7,62 mm-lik FN MAG pulemyotu, yüksək ayırdetmə qabiliyyətli kameralar, güclü işıqlandırma və məsafədən idarə olunan güclü səsucaldan sistemlə təchiz olunub. Robot sərhədyanı bölgələrdə patrulluq etmək üçün təyin edilib. Bundan başqa, robot düşmənin əlinə keçdikdə özünü məhvetmə sistemi ilə təchiz edilib. “Jaguar” robotu elektrik ötürücülü təkərləri olan 6×6 təkər formullu yüksək keçidlik qabiliyyətli şassi üzərində qurulub.

İsrail Ordusu və xüsusi xidmət orqanları sadalanan robotlardan başqa “Bionic hornet”, “Snake robot”, “Eyedrive”, “Pincher”, DOGO, “RoBattle” və MGTR kimi döyüş robotlarından, eləcə də 5,56 mm-lik və 7,62 mm-lik pulemyotlarla silahlandırılmış “Sentry Tech” pulemyot qüllə robotlarından geniş istifadə edir.

Türkiyə istehsalı döyüş robotları. Son illərdə Türkiyə Silahlı Qüvvələrinin təchizatı üçün “Aselsan” və “Katmerçiler” şirkətləri birlikdə ikinci səviyyəli “mini-tank” döyüş robotu hazırlayıblar. Layihədə “Aselsan” döyüş modulunun, “Katmerçilər” isə şassinin yaradılmasından məsuldur. “Mini-tank” 7,62 mm-lik pulemyotla təchiz edilib, lakin 5,56 mm-lik pulemyotun da quraşdırılması imkanı nəzərdə tutulub. Yeni “mini-tank” müxtəlif növ şassilərə əsaslanacaq, yüngül və ağır silahlı döyüş modullarını daşıya biləcək. Döyüş maşınları şassidən asılı olaraq fərqli ölçülərə malik olacaq, məsafədən idarə oluna və ya avtonom rejimdə işləyə biləcək. Layihənin digər detalları, müddətlər və miqdarı hələlik açıqlanmır.

“Havelsan” şirkəti isə özünün “Barkan” adlı döyüş robotunu yaradıb. Robot döyüşlə kəşfiyyat və müşahidə üçün təyin edilib. “Barkan” birinci səviyyə və orta sinif döyüş robotlarına aiddir. Pulemyotla silahlanmış kompakt döyüş robotu, yeni “Baha” PUA da daxil olmaqla digər pilotsuz platformalarla qarşılıqlı əlaqə qura bilir. Hazırda sınaqların keçirilməsi məqsədil ilə üç prototip yaradılıb. Beləliklə, silahlı robotun kütləsi təxminən 500 kq-dır. O, dörd dayaq vərdənəli tırtıllı şassi və SARP-L məsafədən idarə olunan sabitləşdirilmiş silah sistemi ilə təchiz edilib. Robot 5,56 və 7,62 mm kalibrli pulemyotlarla silahlandırıla bilir və atəşə nəzarət sistemində ballistik kompyüter və termal kamerası olan elektro-optik stansiya var. “Barkan”dan başqa, şirkət ortaq platformaya malik daha iki döyüş robotu variantı buraxıb. Birinci variant elektrik ötürücülü kompakt robotdur. Bunun kütləsi 350 kq-dır və hərəkət sürəti saatda 7 km-dir. Kəşfiyyat və logistikada istifadə edilə bilər. İkinci variant isə, qaldırma kronşteyninə quraşdırılmış müxtəlif müşahidə cihazları sayəsində geniş kəşfiyyat imkanlarına malik robotdur.

Qeyd olunanlardan başqa Türkiyə Silahlı Qüvvələrinin birləşmələri “Alkar R4”, “Altınay”, “Ertuğrul”, “Kaplan”, M2, M4 mini, “TMR-Çetin”,  “TMR-I-Zafer”, “TMR-II-Dinçer”, “TMR-II-Kutlu”, UKAP, EYP təsbit robotu, məsafədən idarə olunan bomba məhvetmə robotu və silahlı əməliyyat robotu kimi müxtəlif təyinatlı döyüş robotları ilə silahlandırılıblar. Ordunun yeni yerli döyüş robotları ilə təchiz edilməsi istiqamətində layihə-inkişaf tədbirləri keçirilməkdə davam edir.

Döyüş robotlarının və ya robotlaşdırılmış komplekslərin yaradılması, istehsalı və silahlanmaya qəbulu presesləri digər ölkələrdə də həyata keçirilir. Məsələn, Almaniyada “Mission Masters”, “RoboScout”, “Cobham TeleMAX EOD”, “Cobham TeleMAX İEDD” və “Cobham tEODor”; Kanadada “ARGO”, “Digital Vanguard ROV” və “Digital Vanguard MED-İNG”; Xorvatiyada “MV4 DOK-İN”; Ukraynada “A.Drones”, “BARS-8”, “M2 Mislivets”, “Piranya”, “Fantom”, “Fantom-2”, “İronclad” və “Laska”; Belarusda “Adunok”, “Berserk”, “Boqomol” və “Vistl”; İsveçrədə “Raider II”, “R-Gator A3”, “Skyguard və “Skyguard-Srarrow”; Estoniyada “THeMIS” və “Type-X” döyüş robotları artıq qoşun birləşmələrinin istifadəsinə verilib.

Qeyri-müəyyən gələcək

Bir sıra əsas konsepsiyalar daha mürəkkəb və texniki cəhətdən inkişaf etmiş avtonom texnologiyalar yaratmaq istəyən aparıcı güclərin diqqət mərkəzindədir. Bunlara “sürü” halında tətbiq, yəni düşmənin müdafiəsini aşmaq və maksimal itki vermək üçün birdən çox avtonom aparatların eyni vaxtda koordinasiyalı istifadəsi imkanları aiddir. Bu konsepsiya çərçivəsində ABŞ-da, İsraildə, Çində, Türkiyədə təcrübələr aparılır və Rusiya yaxın gələcəkdə bu cür texnologiyaları inkişaf etdirməyə başlamağı planlaşdırır. Əgər avtonom “sürü” süni zəka və ya maşın təlim sistemlərindən istifadə edərək “düşünməyi” öyrənərsə, bu cür silahların istifadə perspektivləri silahlı qüvvələr və bütövlükdə dünya ictimaiyyəti üçün gözlənilməz nəticələrlə bütün dünyada zəncirvari reaksiyaya səbəb ola bilər. Bundan başqa, böyük güclər, maneələr yaratmaqla və düşmənin digər zəifliklərindən istifadə edərək, döyüş meydanında avtonom texnologiya itkilərinin qarşısını almağa çalışacaqlar. Beləliklə, avtonom hərbi sistemlərin mövcud döyüş birləşmələrinə daxil edilməsi belə texnologiyaların mümkün insidentləri, qəza və sıradançıxmaları nəzərə alınmaqla həyata keçiriləcəkdir. Güman ki, təkmilləşdirilmiş xüsusiyyətlərə malik avtonom sistemlərin sonrakı modellərinin buraxılması ilə bu çatışmazlıqlar aradan qaldırılacaq. Mövcud və köklü müharibə anlayışlarına və prinsiplərinə yeni texnologiyaların daxil edilməsi prosesi yeni problemlər yaradacaq. Üstəlik, yeni komplekslər ən qabaqcıl avtonom sistemlər olsalar belə, kənar ziyan imkanını istisna etmir. Bu, artıq hərbiçilərin yan keçmək istədiyi bir siyasi məsələyə çevrilir. Bununla belə, avtonom texnologiyalar sahəsindəki yarış, yuxarıda göstərilənlərin hamısına baxmayaraq, yavaşlamır və perspektivdə yalnız artacaq. Böyük silah istehsalçıları və istehlakçıları arasında döyüş robotlarının sayının sürətlə artması siyasi və hərbi-taktiki mühitin çərçivəsini dəyişdirəcək, bugünkü və gələcək müharibələrdə belə texnologiyaların istifadəsinin tərəfdarları və əleyhdarları arasında əlavə mübahisələr yaradacaq.

Döyüş robotlarının ciddi beynəlxalq tənzimlənməsinin əsas əleyhdarları böyük hərbi gücləri, ilk növbədə ABŞ-ı və Rusiyanı əhatə edir. İndiki ABŞ rəhbərliyi avtonom və məsafədən idarə olunan sistemlərin inkişafına diqqət yetirir. Rusiyada isə “müstəqil mübarizə apara bilən” döyüş robotlarının seriyalı istehsalına başlanılıb. Çin döyüş robotlarının istifadəsinin qadağan edilməsinin tərəfdarıdır, lakin bu cür silahların hazırlanmasını və istehsalını icazəli hesab edir. Amma, şirkətləri avtonom funksiyalı silahlar üzərində işləyən ölkələrin dairəsi daha genişdir. Əgər hərbiçilər avtonomluğun onlara üstünlük verəcəyinə inanırsa, bu zaman inkişafı dayandırmaq çox çətin məsələdir. Daha az sərt tənzimləmə yolu, dövlətlər tərəfindən süni zəka istifadəsi barədə etik qaydalar kimi birtərəfli öhdəliklərin götürülməsidir. Birtərəfli tədbirlər bəzi riskləri aradan qaldırmağa kömək edir, amma onları istisna etmir. Buna görə də bütün bu məsələlər dövlətlərarası səviyyədə həll edilməlidir.

Hərb işinin təkamülü, dövlətin və ya ictimai həyatın digər sahələri kimi texnologiyanın inkişafı ilə sıx bağlıdır. Gələcəyin müharibəsinin obrazı uzun müddətdir robotların iştirakı ilə əlaqələndirilir, hərbi-siyasi dairələrdə və humanitar təşkilatlarda qızğın müzakirələrə səbəb olur. Xüsusilə qızğın müzakirələr, hərbi məqsədlər üçün döyüş robotlarının – bu və ya digər dərəcədə süni zəka ilə təchiz edilmiş və gələcəkdə özləri qərar qəbul edə biləcək döyüş maşınlarının istifadəsinin perspektivləri ilə əlaqədardır. Bu tip silahların tətbiqi məsələsi beynəlxalq gündəmdə hələ də yenidir və siyasi, hüquqi, texnoloji, etik və əxlaqi mülahizələrin kəsişməsində yerləşir. Bu səbəbdən dövlətlərin və ya beynəlxalq təşkilatların vahid yanaşmasını inkişaf etdirmək çətindir.

Nəticə

Artıq aydındır ki, avtonom hərbi texnologiyalar döyüş fəaliyyətlərini aparma qaydalarını dəyişdirəcək və nəticələrini hazırda proqnozlaşdırmaq çətin olan yeni bir münaqişə növü yarada bilər. Beynəlxalq birlik bu gün görünməmiş dəyişikliklərin şahidi olur. Getdikcə daha çox ölkə avtonom sistemlərin inkişafı və yerləşdirilməsi ilə ABŞ-ın hərbi üstünlüyünə meydan oxumağa çalışır. Hal-hazırda ABŞ həm maliyyə baxımından, həm də texnoloji inkişaf səviyyəsini nəzərə alaraq bu sahədə lider mövqe tutur, lakin onun rəqibləri öz siyasi-hərbi yanaşmalarını inkişaf etdirərək boşluğu tədricən aradan qaldırırlar. Yeni texnologiyaların ortaya çıxması ilə aparıcı güclərin müharibə aparmaq üçün yeni qaydalar, mümkün məhdudiyyətlər və münaqişə vəziyyətlərindən çıxma vasitələri barədə razılığa gəlməsinə ehtiyac var. Yaxın 10-15 il ərzində hərbi sahədə hansı dəyişikliklərin baş verəcəyi hələ məlum deyil. Ancaq bir şey məlumdur ki, texnoloji paradiqmada bu qaçılmaz dəyişikliyə dünyanın bütün ölkələrinin hərbi idarələrinin hazırlaşmağa başlamasının vaxtıdır. PQ

Əhəd Əzizov

POLİQON JURNALI

KATEQORIYA:
TEQLƏR