Dr. Mehmet Akif Nacar: HAVELSAN-ın proqram təminatlı həlləri Azərbaycan ordusunda istifadə ediləcək

Dr. Mehmet Akif Nacar: HAVELSAN-ın proqram təminatlı həlləri Azərbaycan ordusunda istifadə ediləcək

Türk ordu modelinə keçən Azərbaycan ordusuna HAVELSAN hərbi informasiya sistemlərinin qazandırılması çox vacibdir

Türkiyənin ən böyük texnologiya şirkətlərindən sayılan HAVELSAN şirkətinin bu il yaranmasının 40 ili tamam olur. Ötən illər ərzində öz təcrübəsi, mütəxəssis işçiləri, yüksək texnologiyaya əsaslanan proqram təminatı tələb edən orijinal həllər və məhsulları ilə beynəlxalq bazarda lider brendə çevrilən HAVELSAN şirkəti, öz bünyəsində hazırlanan yüksək texnologiya və proqram təminatı ilə yanaşı müdafiə, təhlükəsizlik və informasiya sektorlarında texnologiya istehsal edən və biznes ekosistemində yer alan şirkətlərin həll və məhsullarını bir araya gətirərək müştərilərinə açar təslim həllər təklif edir. HAVELSAN-ın baş direktoru Dr. Mehmet Akif Nacar rəhbərlik etdiyi şirkətin yubileyi ərəfəsində POLİQON jurnalına müsahibə verib.

HAVELSAN bu il 40 yaşını qeyd edir. Bu 40 illik dövrdə şirkətinizin mühüm inkişaflarını necə qiymətləndirirsiniz?

Ötən dövrdə Türkiyənin texnoloji inkişafına və rəqəmsal çevrilməsinə, xüsusilə proqram təminatı sahəsində böyük töhfələr vermişik. Ölkəmizdə və içində olduğumuz coğrafiyada ən yüksək marka dəyərinə malik şirkətlərdən biri olduq. Türkiyə Silahlı Qüvvələri üçün hərbi sahədə hazırladığımız həllərimiz ilə yanaşı, mülki sahədə də bir çox uğurlu layihələrə imza atmışık. Bu layihələr həm də bizə Cənubi Koreya Respublikasından Pakistana, dünyanın müxtəlif regionlarına ixrac etmək imkanı verdi. Gündən-günə böyüyən və ölkəmizin böyüməsinə töhfə verən bir şirkət olaraq, təkcə texnologiyanı inkişaf etdirmək və iqtisadi əlavə dəyər yaratmaqla deyil, həm də elmi infrastruktur baxımından yaxşı yetişmiş gənc zehnimizi ölkəmizə qazandırmaqla öz töhfəmizi veririk. Bu baxımdan HAVELSAN 40 illik təcrübəsi olan bir məktəb kimidir.

Layihə əsasında baxıldığında, HAVELSAN-ın bu 40 illik dövrünə sığan və mühüm inkişaf olaraq önə çıxan işlərimiz var. Bəlkə də bunlardan ən qabaqcıl, Hərbi Hava Qüvvələri Məlumat Sistemi, yəni HvBS gəlir. Bundan əlavə, simulyasiya texnologiyalarında əldə edilən uğur və sıçrayış HAVELSAN-ı bu sahədə dünya brendi olma yolunda çox mühüm bir nöqtəyə gətirdi. Əlbəttə ki, ən mühüm inkişaf sahələrimizdən biri də Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığı üçün Araşdırma Mərkəzi Komandanlığı (ARMERKOM) ilə apardığımız iş nəticəsində ortaya çıxan komanda idarəetmə və döyüş idarəetmə sistemlərimiz və məlumat paylama sistemlərimiz olmuşdur. HAVELSAN hazırda bu sahədə də simulyasiya texnologiyalarında olduğu kimi dünya brendidir.

Türkiyənin e-Hökumət və rəqəmsal transformasiya proseslərində də HAVELSAN-ın çox önəmli rolu olmuşdu və olmağa da davam edir. Bunu HAVELSAN üçün kritik dönüş nöqtələrindən biri hesab etmək olar. 2000-ci illərdə inkişaf etdirilən UYAP, TAKBİS, SEÇSİS kimi sistemlərlə yanaşı, son dövrlərdə inkişaf etdirdiyimiz barmaq izi identifikasiyası sistemi, şəhər təhlükəsizliyi idarəetmə sistemi və təbii ki, yeni nəsil biznes idarəetmə sistemi HAVELSAN KOVAN da bu transformasiya proseslərinə HAVELSAN-ın ən mühüm töhfələridir.

Bundan əlavə, son dönəmdə daxil olduğumuz robot və avtonom texnologiya sahəsi ilə üzərində uğurla işlədiyimiz sürü alqoritmləri, həmçinin süni intellekt tətbiqlərindən istifadə edərək inkişaf etdirməyə davam etdiyimiz yeni nəsil texnologiyalar HAVELSAN-ın gələcək 40 il ərzində Türkiyəyə qazandırdığı dəyərlər olacaq.

Bununla belə, xüsusi olaraq qeyd etməliyəm ki; HAVELSAN-ın bu 40 illik təcrübəsi ilə Türkiyəyə verdiyi ən böyük töhfə, hazırladığı yüksək ixtisaslı işçi qüvvəsidir.

– Mehmet bəy, qeyd etdiniz ki, HAVELSAN-ın həyata keçridiyi layihələr həm də ona öz məhsullarını dünyanın müxtəlif regionlarına ixrac etmək imkanı verdi. HAVELSAN-ın ixrac coğrafiyası və hədəfləri haqqında oxucularımıza biraz geniş məlumat verə bilərsinizmi?

– Bu gün əsas fəaliyyət sahələrimizdə qlobal miqyasda rəqabət apara bilən, xarici satınalma orqanları tərəfindən axtarılan və üstünlük verilən; keyfiyyət, güvən və qabaqcıl texnologiya elementləri ilə tanınan bir şirkət mövqeyindəyik. Bundan əlavə, biz dostluq və yaxşı münasibətlərimiz olan ölkələrdə texnoloji transformasiyaya rəhbərlik edən strateji həll tərəfdaşı kimi yadda qaldıq.

Bu durum, son 10 ildə qlobal müdafiə sənayesində baş verən inkişaflarla paralel olaraq HAVELSAN-ın əsasən xaricdəki müdafiə layihələrindəki uğurlu və istiqrarlı performansının bir nəticəsidir. Xarici bazarlarda mövcud bazar payımızı artırmaq və yeni bazarlardan pay almaq üçün fəaliyyətimizi qarşıdakı dövrdə də fəal şəkildə davam etdirəcəyik. Asiya-Sakit okean regionu, Yaxın Şərq və Körfəz regionu bizim diqqətimizi çəkən bölgələrdir. Bundan başqa, Şimali Afrika ölkələri və Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri qarşıdakı dövrdə əməkdaşlığı həyata keçirmək üçün bu gün izlədiyimiz regionlardır. Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi çərçivəsində müəyyən etdiyimiz bəzi ölkələr də məhsul və həllərimizlə müraciət edə biləcəyimiz yeni bazarlar olaraq radarımıza daxil olmuşlar.

Bu gün Pakistandan Qətərə, Malayziyadan Omana, Küveytdən Cənubi Koreyaya, İndoneziyadan Azərbaycana 20-dən çox ölkənin bazarına müdafiə sahəsindəki məhsul, həll və layihələrimizlə daxil olmuşuq. Qarşıdakı dövrdə də mövcud və yeni bazarlarımızda yeni əməkdaşlıqlara və biznesin inkişafı fəaliyyətlərinə diqqət yetirməyə davam edəcəyik.

– Mehmet bəy, yeri gəlmişkən Azərbaycanla bağlı planlarınızı bilmək istərdik. Azərbaycana birbaşa satışlarla yanaşı, birgə istehsal planlarınız varmı?

Türkiyə silahlı qüvvələrinə illərdir təqdim etdiyimiz yüksək texnologiyalı məhsul və həllərimizi dost və qardaş ölkə Azərbaycanın müvafiq qurumlarının da xidmətinə təqdim etmək istəyirik. Bu kontekstdə modulyar, müasir texnologiyadan istifadə edərək yüksək standartlara uyğun hazırlanmış sistemlərimizi verirkən, dövlətlərarası razılaşmalara və icazələrə uyğun olaraq texnologiyamızı da Azərbaycanla paylaşacağıq. Hərbi informasiya sistemlərimizin (elektron informasiya sistemləri) Azərbaycan ordusuna qazandırılması çox vacibdir, çünki cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda türk ordusunun model yaratmaq idealının ən konkret və möhkəm başlanğıc nöqtəsini bu hərbi sistemlər/proqramlar təşkil edəcəkdir.

HAVELSAN olaraq Türkiyədə qurduğumuz, çatdırdığımız və təmir dəstəyi ilə illərdir aktiv saxladığımız simulyasiya təlim mərkəzlərinin birə-bir eynisini qardaş ölkə Azərbaycanımıza təqdim etməkdən qürur duyuruq.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücünə güc qatması hədəflənən, yeni inşa ediləcək dəniz patrul gəmilərində HAVELSAN döyüş idarəetmə sistemi (SYS) ADVENT istifadəsi həm Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının sahədə istifadə etdiyi bir SYS ilə işləmək baxımından, həm də “Bir Millət, İki Dövlət” şüarının gətirdiyi tam koordinasiyada infrastruktur imkanları baxımından çox faydalı olacaq.

HvBS döyüş idarəetmə sisteminin (MYS) Türkiyədə istifadə olunan 52 modulunun 18 ədədi Azərbaycan Hərbi Hava Qüvvələrinin istismarına veriləcək. Bu modullar Heydər Əliyev Beynəlxalq Aeroportunun Hava Hərəkətini İdarəetmə və Dövlət Meteorologiya İdarəsi sistemləri ilə inteqrə edilərək Hava Məkanının Planlaşdırılması və İdarəetmə Sistemi olaraq istismara veriləcəkdir.

– HAVELSAN-ın digər yeni nəsil texnologiyalarına, BARKAN və BAHA kimi avtonom sistemlərinə Azərbaycanda maraq necədir?

– Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi olaraq hazırladığımız həllimiz paylaşılmış və danışıqlarımız davam edir. Bundan əlavə, BARKAN insansız yerüstü nəqliyyat vasitəmizin və BAHA buludaltı avtonom pilotsuz uçuş aparatımızın müvafiq dövlət qurumuna təqdimatı keçirilmişdi.

– HAVELSAN şirkəti 6-8 sentyabr tarixlərində Bakıda keçiriləcək ADEX-2022 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcəkmi?

– Bəli, bu il TEKNOFEST-dən sonra Bakıda keçiriləcək ADEX sərgisində də iştirak edərək müdafiə və informasiya texnologiyaları sahəsində; elmi biliklərə əsaslanan orijinal, innovativ, yüksək texnologiyalı məhsullarımızı, həllərimizi və xidmətlərimizi 150 m2-lik stendimizdə təbliğ edəcəyik.

– “HAVELSAN-Bakı” ofisinin fəaliyyəti haqqında fikirlərinizi bilmək istərdik…

– Azərbaycana verdiyimiz önəmi göstərmək üçün 2021-ci ilin son rübündən etibarən Bakıda filialımızı açdıq. Bu sayədə il ərzində Türkiyə ilə Azərbaycan arasında səyahətlər edilməsi əvəzinə, fəaliyyətlərimizi və mümkün əməkdaşlıqları yerində izləməyi hədəfləyirik. Ehtiyacların təhlili, spesifikasiyaların hazırlanması və tenderlərin yekunlaşdırılmasından sonra zəruri logistik dəstəyin təmin edilməsi və təlimlərin yerində keçirilməsi baxımından yerli strukturun yaradılması son dərəcə vacibdir. Beləliklə, Azərbaycan müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinə tövsiyə etdiyimiz sistemlərimizin quraşdırılması məqsədi çərçivəsində texniki dəstək fəaliyyətləri yerində və sürətlə, fasiləsiz olaraq təmin ediləcək.

Müdafiə sənayesindən başqa, mülki sahələrdə də HAVELSAN məhsul və həllərini təklif etmək və fəaliyyətlərin daha səmərəli hala gətirilməsi məqsədilə; Azərbaycan dövlətinin bir çox qurumları ilə əlaqələri gücləndirilməsi üçün də yerli strukturlaşma ehtiyacının olduğu açıqdır. HAVELSAN olaraq yeni texnologiyalarda gəldiyimiz nöqtə və hədəflərimizi Azərbaycanın sahib olduğu potensialı ilə dəstəkləmək və gücləndirmək üçün ciddi iradəyə sahib oduğumuzu da bir daha qeyd etmək istərdik.

CATEGORIES
TAGS