
EFES-2026 çoxmillətli birgə müştərək təlimi çərçivəsində keçirilən Müdafiə Sənayesi Sərgisi Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərinin ən yeni məhsul və texnologiyalarını beynəlxalq auditoriyaya təqdim etdiyi mühüm platformalardan biri oldu. Təlim zamanı nümayiş etdirilən sistemlər arasında Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən ASFAT şirkətinin hazırladığı həllər də xüsusi diqqət çəkdi.
ASFAT şirkətinin inkişaf etdirdiyi 155 mm-lik PANTER 8×8 özüyeriyən artilleriya qurğusu (ÖAQ) EFES-2026 təliminin döyüş atışlı mərhələsində real əməliyyat ssenarisində tətbiq olunaraq öz imkanlarını nümayiş etdirdi.
Türkiyə Silahlı Qüvvələrinin hərbi zavod və tərsanələrinin istehsal, modernizasiya və texniki imkanlarını beynəlxalq tərəfdaşlara təqdim edən ASFAT son illərdə yalnız müdafiə məhsullarının ixracı ilə deyil, həm də kompleks platforma inteqrasiyası, hərbi gəmiqayırma, modernizasiya layihələri və texnologiya transferi istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə diqqət mərkəzindədir.
EFES-2026 təlimi çərçivəsində POLİQON Media Qrupunun suallarını cavablandıran ASFAT-ın İş İnkişafı direktoru Hakan Topçu şirkətin təlimdə nümayiş etdirdiyi imkanlardan, PANTER özüyeriyən artilleriya qurğusunun xüsusiyyətlərindən, beynəlxalq əməkdaşlıq perspektivlərindən, eləcə də Azərbaycanla müdafiə sənayesi sahəsində həyata keçirilən və planlaşdırılan layihələrdən ətraflı bəhs edib.
– Hakan bəy, Hakan bəy, ASFAT-ın EFES-2026 təlimində xüsusilə ön plana çıxardığı sistem və həllər hansılardır və bu platformalar hansı əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanıb?
– ASFAT olaraq EFES-2026 təlimində xüsusilə 155 mm-lik “Panter” özüyeriyən artilleriya qurğumuzu (ÖAQ) ön plana çıxardıq. Bu sistem praktiki atış fəaliyyətlərində də iştirak etdi. “Panter” layihəsi əvvəllər istifadə olunan yedəkdə daşınan 155 mm-lik haubitsaların 8×8 təkər formuluna malik mobil platformaya inteqrasiyası və müasir atəşi idarəetmə sistemləri ilə təchiz edilməsi əsasında hazırlanıb.
Türkiyə Silahlı Qüvvələri, xüsusilə Quru Qoşunları Komandanlığı üçün ilk məhsulları sınaqdan keçirərək təhvil vermişik. Hazırda seriyalı istehsal prosesi də davam edir. Bu təlim təhvil verdiyimiz məhsulun sahədəki performansının sınaqdan keçirilməsi baxımından bizim üçün mühüm fürsət oldu.
– Bu təlim çərçivəsində atış fəaliyyətlərində iştirak edən “Panter” 8×8 ÖAQ sisteminin əsas texniki və əməliyyat üstünlükləri hansılardır?
– Hazırda 155 mm-lik haubitsalar, xüsusilə transsərhəd əməliyyatlarda böyük əhəmiyyət daşıyır. Dəqiq atəş imkanları sayəsində geniş ərazidə effektiv atəş dəstəyi təmin edir. “Panter”in texniki xüsusiyyətlərinə baxdıqda ən mühüm imkanlarından biri xüsusi döyüş sursatından istifadə edildikdə 40 kilometrədək atəş məsafəsi təmin etməsidir.
Sistemin çəkisi təxminən 40 tondur və istənilən relyef şəraitinə uyğunlaşa bilməsi üçün 8×8 platformaya üstünlük verilib. Üzərində yerləşən mexanizmlər və alt sistemlər ekipajın sistemi sürətli və səmərəli idarə etməsinə imkan verəcək şəkildə hazırlanıb. Beləliklə, sistem sahə şəraitində operatorlar tərəfindən etibarlı və səmərəli şəkildə istismar oluna bilir.
“Panter”in ən mühüm üstünlüklərindən biri iki dəqiqə ərzində atəş mövqeyini dəyişə bilməsi və dəqiqədə 6-8 mərmi ata bilməsidir. Bu xüsusiyyət analoji sistemlərlə müqayisədə mühüm üstünlük yaradır. Bundan əlavə, platformanın kütləsi və konstruktiv sabitliyi atəş zamanı sistemin mövqeyini qorumasına və yüksək atəş dəqiqliyinin saxlanılmasına imkan verir. Bu da “Panter”in əsas üstünlüklərindən biridir.
– Hakan bəy, EFES-2026 kimi genişmiqyaslı beynəlxalq təlimlərdə sistemlərin real döyüş şəraitinə yaxın mühitdə nümayiş etdirilməsi ASFAT üçün nə ifadə edir?
– Hazırladığımız məhsulları, əlbəttə ki, əvvəlcədən müxtəlif sınaq mərhələlərindən keçiririk. Lakin məhsulları yalnız video təqdimatlarla dost və müttəfiq ölkələrin nümayəndələrinə tanıtmaq kifayət qədər təsirli olmur. Belə təlimlərdə tərəfdaşlarımızın sistemləri sahədə görməsi və onların performansına şahid olması bizim üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu fəaliyyətlər hazırladığımız məhsulların real döyüş şəraitinə ən yaxın mühitdə sınaqdan keçirilməsinə imkan yaradır.
– ASFAT-ın quru, dəniz və təmir-modernizasiya sahələrində təqdim etdiyi həllər şirkətin müdafiə sənayesindəki rolunu necə formalaşdırır?
– ASFAT Türkiyə Silahlı Qüvvələrinin uzun illərdir istifadə etdiyi hərbi zavod və tərsanələrin imkanlarını dost və müttəfiq ölkələrə təqdim etmək missiyasını yerinə yetirir. Başqa sözlə, Türkiyə Silahlı Qüvvələrini döyüşə hazır vəziyyətdə saxlayan bu hərbi zavod və tərsanələrin yüksək istehsal potensialını beynəlxalq əməkdaşlıq çərçivəsində dost və müttəfiq ölkələrin istifadəsinə təqdim edirik. Bununla yanaşı, zəruri modernizasiya işlərinin həyata keçirilməsi və yeni sistemlərin hərbi zavod və tərsanələrdə tətbiqi proseslərində də ASFAT mühüm rol oynayır. Qısacası, bu müəssisələr dost və müttəfiq ölkələr üçün ASFAT-ın koordinasiyası ilə istehsal həyata keçirərkən, biz də onların istehsal imkanlarını inkişaf etdirmək, modernizasiyasını həyata keçirmək və yeni sistemləri istismara vermək istiqamətində çalışırıq.
Beləliklə, həm bu müəssisələrə, həm Türkiyə Silahlı Qüvvələrinə, həm də dost və müttəfiq ölkələrə əlavə dəyər yaradırıq. ASFAT-ın ən mühüm vəzifələrindən biri də məhz bu “qazan-qazan” modelini həyata keçirməkdir.
– EFES-2026 təlimində bir sıra ölkələrdən yüksək səviyyəli nümayəndələr iştirak edir. Bu çərçivədə təlimin ASFAT üçün yeni əməkdaşlıqlar və ixrac imkanları baxımından strateji əhəmiyyəti nədən ibarətdir?
– ASFAT yeni fəaliyyətə başladığı dövrdə əsas məqsədimiz özümüzü tanıtmaq və fəaliyyət istiqamətlərimizi müxtəlif ölkələrə çatdırmaq idi. Yarandığımız vaxtdan səkkiz il keçib. Bir şirkət üçün səkkiz il əslində o qədər də uzun müddət deyil. Lakin bu gün gəldiyimiz nöqtədə artıq özümüzü tanıtmaqdan daha çox, dost və müttəfiq ölkələrin birbaşa ASFAT-a müraciət etdiyini görürük.
İstehsal etdiyimiz məhsullar, göstərdiyimiz xidmətlər və bunların Türkiyə Milli Müdafiə Nazirliyinin zəmanəti ilə təqdim olunması bizi üstünlük verilən tərəfdaşa çevirir. Bundan məmnunuq. Nümayəndə heyətləri ilə keçirdiyimiz görüşlərdə müşahidə etdiyimiz maraq və müsbət münasibət ASFAT-a olan etimadın getdikcə artdığını göstərir.
– Azərbaycan Müdafiə Nazirliyinin istismarında ASFAT istehsalı olan MEMATT mina təmizləmə sistemləri mövcuddur. Bu sistemlər hazırda işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərində istifadə olunur. Həmçinin ASFAT tərəfindən Naxçıvandakı texniki xidmət müəssisəsində modernizasiya işləri həyata keçirilib. Bu əməkdaşlığın davamı olaraq, Azərbaycan ilə müdafiə və müdafiə sənayesi sahəsində hazırda həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə nə deyə bilərsiniz?
– Azərbaycana müdafiə sənayesi sahəsində hər cür dəstəyi verməyə hazırıq. Biz buna təkcə dəstək vermək kimi deyil, ortaq istehsal və birgə inkişaf modeli kimi yanaşırıq. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Xüsusilə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inventarındakı platformaların modernizasiyası, yeni platformaların inşası və bütün bu proseslərin birgə həyata keçirilməsini arzulayırıq. Tərsanələrin birgə qurulmasını, idarə olunmasını və burada inşa ediləcək gəmilərin ortaq şəkildə layihələndirilməsini hədəfləyirik. Hətta həmin platformalarda istifadə olunacaq silah sistemlərinin bir hissəsinin də yerli imkanlarla Azərbaycanda istehsal edilməsini arzulayırıq. Buna görə də, xüsusilə gəmiqayırma sahəsi başda olmaqla, yaxın gələcəkdə Azərbaycan ilə daha güclü və daha genişmiqyaslı birgə gəmi inşası layihələri həyata keçirməli olduğumuza inanıram.
– Dəniz mövzusuna toxundunuz. Azərbaycanda Silahlı Qüvvələrin modernizasiyasına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirilir. Bu prosesdə Türkiyə Silahlı Qüvvələrinin modeli də əsas götürülür. Bu çərçivədə ASFAT-ın hansı dəstəyi göstərə biləcəyini bir qədər ətraflı izah edə bilərsinizmi?
– Əlbəttə. Türkiyə gəmiqayırma sənayesi həm tərsanələrinin sayı, həm də istehsal gücü baxımından yüksək potensiala malikdir. Lakin Türkiyədə inşa edilən bir gəmini Xəzər dənizinə çatdırmaq imkanımız yoxdur. Buna görə də məqsədimiz Azərbaycan ilə birlikdə Xəzər dənizində gəmi inşa edə biləcək, hətta gələcəkdə Azərbaycanın bu qabiliyyəti tamamilə öz imkanları hesabına davam etdirə biləcəyi bir infrastruktur yaratmaqdır.
Bunun üçün ilk növbədə mövcud tərsanələr modernləşdirilməli və ya yeni tərsanələr inşa edilməlidir. Biz bu prosesdə iştirak etməyə hazırıq və bu sahədə kifayət qədər təcrübəyə malikik. Tərsanələrin inşası və modernizasiyası işlərini Azərbaycan tərəfi ilə birlikdə və yerli işçi qüvvəsindən istifadə etməklə həyata keçirə bilərik.
Bundan sonra tərsanə personalının hazırlanması mərhələsi gəlir. Azərbaycanlı hərbi tərsanə əməkdaşlarına Türkiyə Silahlı Qüvvələrinin hərbi tərsanələrində birbaşa təlimlər keçə bilərik. Gəmi inşası prosesi başladıqdan sonra isə təlim fəaliyyətlərini Azərbaycandakı tərsanələrdə, türk mühəndisləri və mütəxəssislərinin dəstəyi ilə davam etdirərək bilik və təcrübənin davamlı olacaq şəkildə ötürülməsini təmin edə bilərik.
Bəs sonra? Daha sonra layihələndirəcəyik. Nəyi layihələndirəcəyik? Azərbaycanın öz tələblərinə uyğun xüsusi bir gəmi layihələndirəcəyik. Çünki Xəzər dənizinin coğrafi və əməliyyat şəraiti digər dənizlərdən fərqlənir. Xəzər dənizində, xüsusilə dayaz sularda da fəaliyyət göstərə biləcək və bölgədəki təhdidlərə qarşı effektiv mübarizə aparacaq platformalara olan tələbatı Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə birlikdə müəyyənləşdirəcək, hansı gəminin hansı silah və hansı sensor sistemləri ilə təchiz edilməli olduğunu birlikdə qərarlaşdıracağıq.
Yəni məqsədimiz gəmini birlikdə layihələndirmək və layihələndirmədən sonra yaradılacaq tərsanədə Azərbaycanın işçi qüvvəsindən istifadə etməklə onu birlikdə inşa etməkdir. Qısacası, malik olduğumuz bütün bilik və təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Bunun üçün həm təcrübəmiz, həm də bütün zəruri imkanlarımız mövcuddur.
– Hakan bəy, yaxın gələcəkdə ASFAT avtonom sistemlər, rəqəmsal döyüş idarəetməsi və şəbəkə mərkəzli əməliyyat texnologiyaları sahəsində hansı yeni istiqamətləri ön plana çıxarmağı hədəfləyir?
– ASFAT birbaşa tədqiqat və inkişaf fəaliyyəti həyata keçirən şirkət deyil. Lakin platforma inteqrasiyası həyata keçirən və platforma həlləri təqdim edən şirkət kimi, Türkiyə müdafiə sənayesində bu sahələrdə fəaliyyət göstərən şirkətlərin hazırladığı məhsulları müxtəlif ölkələrin ehtiyaclarına uyğunlaşdıraraq inteqrasiya etmək imkanına malikik.
Başqa sözlə, Türkiyədə hazırlanan müdafiə sənayesi məhsullarını yaxından izləyir, onların sahədə necə istifadə oluna biləcəyini və müxtəlif platformalara necə inteqrasiya edilə biləcəyini qiymətləndiririk. Daha sonra bu həlləri həm Türkiyə Silahlı Qüvvələrinə, həm də dost və müttəfiq ölkələrə təqdim edirik.
Eyni zamanda hərbi zavodlarımız və tərsanələrimiz tərəfindən hazırlanan məhsulların daha da təkmilləşdirilməsi, modernləşdirilməsi və yeni sistemlərlə gücləndirilməsi istiqamətində də fəaliyyət göstəririk. Buna görə də ASFAT-ı Türkiyə müdafiə sənayesinin imkanlarını dost və müttəfiq ölkələrə kompleks şəkildə təqdim edən, bu imkanları onların ehtiyaclarına uyğun inteqrasiya edən bir qurum kimi qiymətləndirmək daha doğru olar.
– Bizim suallarımız bu qədər idi. Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?
– Bu günə qədər Azərbaycana dəfələrlə səfər etmişəm. Hər səfərimdə özümü sanki Türkiyədə bir şəhərdən başqa bir şəhərə gedirmiş kimi hiss edirəm. Burada özümü xarici ölkədə deyil, doğma yurdumda kimi hiss edirəm.
İnanıram ki, ASFAT-ın bu günə qədər Azərbaycanda həyata keçirdiyi layihələr qarşıdakı dövrdə daha da genişlənərək davam edəcək. Bu fürsətdən istifadə edərək qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı, sevgi və hörmətimi çatdırıram.
Zaur Babaşov




