DSX Akademiyasında Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizədən danışılıb

Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq dekabrın 2-də DSX-nın Akademiyasında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.
DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Xidmətin Akademiyasının rəisi, general-mayor Araz Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov seminarda dini radikalizm və onun fəsadları barədə çıxış ediblər.
Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənilib, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasəti nəticəsində ölkədə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikanın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunub.
Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib, dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.



