Xəbərlər

DSX Akade­miyasının 10-cu buraxılış məra­simi keçiril­ib

Mayın 8-də Dövlət Sər­həd Xidməti (DSX) Akade­miyasının 10-cu buraxılışı münasibətilə məra­sim keçiril­ib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumta görə, Azərbaycanın Dövlət Himninin ifasından və Döyüş Bayrağının mey­dana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Diplomlar təqdim olunduqdan sonra bütün məzunlar adından çıxış edən leytenant Orxan Bağırov Azərbaycan Sərhəd Mühafi­zə­si­nin­ zabit heyətinə daxil olmaları ilə fəxr etmə­lərini bildirib, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət bayrağı­nın vüqarla dalğalandığı müqəddəs sərhədlərin keşiyində hər zaman şərəflə da­ya­nacaqlarını ifadə edib, sərhədçi peşə­si­nin sirrlərinə dərindən yiyələn­məkdə, Akade­miyanı uğurla başa vur­maq­da əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdar­lı­ğı­nı bildirib. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Ba­bayev çıxış edərək bütün tədbir iştirakçılarını təbrik edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri müna­sibətilə məzunları təb­rik edib, gənc leytenantların DSX-nin zabitləri sırasına daxil olduqları dövrün Azər­baycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsa­düf etdiyini xüsusi vurğulayıb.

Prezident İlham Əliyevin rəh­bər­­liyi altında Azər­bay­canın Ermən­istan üzərin­də parlaq qələbə qa­zan­ması, Vətən mühari­bəsinin Tarixi Zəfərlə bitməsi qeyd olun­ub.

Vətən müharibəsində DSX-nin qarşısında qoyulmuş döyüş tap­şı­rıq­larının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və qali­biyyət dastanı yazdıqları vurğulanaraq, müqəddəs savaşda həlak olmuş bütün qəhrə­man­­­ların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 sərhədçi-zabitin xatirələri yad edilib.

Uzun illər ərzində döyüş və peşəkar hazırlıq, maddi-texniki təchi­zat, hərbi-vətən­pərvərlik sahələrində tətbiq edilmiş sistemli və müasir yanaşmalar sayə­sində əldə olun­muş nəticələrin Azərbaycan sərhədçi­lərinin Böyük Zəfərin qazanıl­masında uğurlu iştira­kına zəmin yaratdığı vurğulanıb.

Döyüş əməliyyatlarının ilk günündən Azərbaycan sər­­hədçilərinin 24 saat ərzində 105 kilometr məsafədə ildırım­sürətli hücumunun hərb salna­masinə yazılması, düşmə­nin yüzlərlə canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi, Qə­dim Xudafərin kör­­pü­sündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağı­nın sancılması, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” stra­teji yüksəkliklərinin qəhrəmancasına azad edilməsi xüsusi qeyd olunub.

Milli dövlətçiliyə, Azərbaycanın Preziden­tinə sa­diq­liyi ilə seçi­lən sərhədçilərin xidmətlərini İlham Əliyevin xüsusi qiymət­ləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulan­ıb.

“Vətən Müharibəsi Qəh­rə­manı” adına layiq görülmüş sərhədçilərdən 4 zabitin DSX Akade­miyasının məzunu olmaları, bu cür qəhrəmanların yetişdirilməsi və tərbiyə­lən­dirilməsində DSX Akade­miyasının peda­qoji və komandir heyətinin xüsusi rolu qeyd edilib.

Çıxışda dövlətin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təmi­na­­tı­nın yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissənin xidməti-döyüş fəaliy­yətinə başlaması, may ayının sonunadək daha 6 yeni hərbi hissənin təmir-tikintisinin yekunlaşacağı barədə mə­lu­mat verilib, işğaldan azad olunmuş dövlət sərhəd­lərimizin mühafizə altına götü­rül­mə­sinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verə­cəklərinə, dövlət sərhəd­ləri­nin keşiyində ayıq-sa­yıq dayanacaqlarına əminlik ifadə edilib.

Mərasim başa çatdıqdan sonra DSX Akademiyasının məzunları ilə xatirə foto­şəkli çəkdirilib.

Daha sonra gənc zabitlər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Hərbi Qənimətlər Parkında olublar.

Poliqon.az

Back to top button