DSX Akademiyasının magistratura pilləsini bitirmiş məzunların birinci buraxılış mərasimi keçirilib

İyul ayının 4-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının magistratura pilləsini bitirmiş məzunların birinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib və abidəsi önünə gül dəstələri düzüblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən və Döyüş Bayrağının gətirilməsindən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Daha sonra magistratura pilləsini bitirmiş zabitlərə diplom və döş nişanları təqdim edilib, məzunlardan 4 nəfəri daha yüksək nəticə göstərdiyinə görə “Fərqlənmə diplom”una layiq görülüblər.
Məzunlar adından çıxış edən polkovnik-leytenant Fikrət Allahverdiyev Azərbaycan Sərhəd Mühafizəsinin magistr təhsili alan ilk zabitləri olmaları ilə fəxr etdiklərini, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət bayrağın vüqarla dalğalandığı müqəddəs sərhədlərin keşiyində hər zaman şərəflə dayanacaqlarını ifadə edib və sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnməkdə əməyini əsirgəməyən professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildirib.
DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev məzunları DSX Akademiyasında ilk dəfə 2020-ci ildə yaradılmış magistratura təhsillərini müvvəfəqqiyətlə başa vurmaları münasibəti ilə təbrik edib, təhsil müddətində qazandıqları bilik və bacarıqlarını ölkənin hüdudlarında dövləti maraqların müdafiəsi üzrə fəaliyyətlərinə xüsusi töhvə verəcəyinə əminliyini ifadə edib.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda DSX-nin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanıb, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun DSX Akademiyasının məzunu olması qeyd edilib.
Milli dövlətçiliyə, Azərbaycan Prezidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərini Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qiymətləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı xüsusi olaraq vurğulanıb.





