
DSX-də “Anım Günü”nün 2-ci ildönümü münasibətilə tədbir keçirilib
Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli zəfər bayrağını azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə əbədi ehtiramın ifadəsi olan “Anım Günü”nün 2-ci ildönümü münasibətilə tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Vətən müharibəsində xalqın yenilməzliyini, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətini, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, Zəfər və şəhidlərin xatirəsini tərənnüm edən DƏMİR YUMRUQ abidə kompleksinin açılışını edib.
Daha sonra tədbirdə Azərbaycan torpaqlarının azadlığı uğrundan şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların xatirəsi Hərbi Orkestr tərəfindən “Təzim” marşının ifası ilə bir dəqiqəlik sükütla yad edilib.
General-polkovnik Elçin Quliyev tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi altında DƏMİR YUMRUQ əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, Tarixi Zəfərin təmin edildiyini vurğulayıb.
Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd edilib.
Torpaqların azad edilməsi uğrunda aparılan haqq savaşında Silahlı Qüvvələrin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbiçilərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanların xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində “Anım Günü”nün 2-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirildiyi qeyd edilib, həmçinin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib.
Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunduğu, milli maraqların ən yüksək səviyyədə müdafiə edildiyi ifadə olunub.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının vətəninə, xalqına və dövlətinə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib.
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanmış, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması xüsusi olaraq bildirilib.
Çıxışda dövlətin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərinin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqların təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.
Anım mərasiminin sonunda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Vətən Müharibəsinə həsr olunmuş “Dövlət xətti” sənədli filmini izləyib.