SƏRHƏDXəbərlər

DSX-də peşəkar sərhədçi kadrların hazırlanmasına xüsusi diqqət yetirilir

İstənilən müasir texnikanın arxasında onu idarə edən insan dayanır. Ən müasir silaha, müşahidə sisteminə və texnologiyaya sahib olmaq kifayət deyil. Əsas məsələ həmin vasitələrdən düzgün istifadə etməyi bacaran, yüksək intizama, möhkəm iradəyə və vətənpərvərlik hissinə malik peşəkar şəxsi heyətin yetişdirilməsidir.

“Poliqon” xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-leytenant Abbas Xəlilov “Azərbaycan” qəzetinə müsahibəsində söyləyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu baxımdan tarixi əhəmiyyət daşıyır: “Akademiyada gələcəyin sərhədçi zabitləri həm nəzəri biliklərə, həm praktiki bacarıqlara, həm də müasir hərbi idarəetmə vərdişlərinə yiyələnirlər”.

Onun sözlərinə görə, DSX Xüsusi Məktəbinin fəaliyyəti də milli sərhədçi kadrların hazırlanması sisteminin mühüm hissəsidir. Məktəbin əsas missiyası Vətəninə, dövlətinə və xalqına sədaqətli, fiziki və mənəvi cəhətdən sağlam, yüksək intizamlı Azərbaycan gənclərinin yetişdirilməsidir.

“Bizim üçün sərhədçi anlayışı yalnız müəyyən peşənin adı deyil. Sərhədçi olmaq xarakterdir. Sərhədçi ən çətin anda düzgün qərar verməyi, məsuliyyəti üzərinə götürməyi, dövlət maraqlarını hər şeydən üstün tutmağı bacarmalıdır. Azərbaycan sərhədçisinin ən mühüm silahlarından biri də onun Vətəninə sədaqətidir”, – deyə general-leytenant Abbas Xəlilov vurğulayıb.

Back to top button