DSX-də Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib

DSX-də Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib

8 noyabr –  Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində təntənəli tədbir keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon“a verilən məlumata görə, Vətən müharibəsinin 4-cü ildönümündə II Fəxri xiyabanda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Qarabağa və Şərqi Zəngəzura qayıdışı milli çağırışımız elan edən, ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, hərbçilərimizin rəşadəti, xalqımızın birliyi nəticəsində işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə qaytarılmasından danışılıb.

Bildirilib ki, dövlət başçısının şəxsi nəzarəti altında ötən dörd il müddətində bu ərazilərdə tarixlə müasirliyin vəhdəti yaradılıb, dünyada bərabərinə rastlanmayan işlər gerçəkləşdirilib.

Tədbirdə Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş tapşırıqların layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqları qeyd edilib, şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, qanları ilə yazdıqları şücaət dastanlarının, qoyduqları mirasın daim uca tutulacağı və gələcək nəsillərə örnək olacağı böyük qürur hissi ilə qeyd edilib.

Tədbirin sonunda sərhədçilərə həsr olunmuş “Görünməyən Qəhrəmanlar – Dövlət Sərhəd Xidməti” sənədli nümayiş olunub.

CATEGORIES
TAGS