DSX İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

DSX İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Avqust ayının 11-də saat 01:05-də DSX-nin “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq və qaranlıq olmasından istifadə edərək əlindəki bağlamanı ataraq geri, İran ərazisinə qaçıb.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 21 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (20 kq 700 qr “marixuana” və 1 kq “tiryək”, 200 qr “heroin”) aşkar olunaraq götürülüb.

Fakt  üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES
TAGS