DSX-nin generalları təntənəli mərasimlə istefaya buraxıldı

DSX-nin generalları təntənəli mərasimlə istefaya buraxıldı

Dövlət Sərhəd Xidmətinin Aparatında DSX rəisinin müavinləri general-leytenant Asif Cəbrayılov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərəkəzindən məlumat verilib.

Prezidentin müvafiq sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu tədbirin keçirildiyini qeyd edib, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbaycanın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmərəli xidməti fəaliyyətlərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulayıb.

Sonra DSX-nin rəisi Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni təltif edil­miş generalların ordenlərini onlara təqdim etmiş, dövlət sərhəd­lərinin müha­fizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı – 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə Dahi Öndər Ümummilli Lider Heydər Əliyevə və Prezidentə sədaqətlə xidmət etdiklərinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin mühafizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya buraxılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.

CATEGORIES
TAGS