Xəbərlər

DSX-nin Qubadlıda yeni hərbi hissəsi açılıb

Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən və Ermə­nis­tan ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, aprelin 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda  Vətən Müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında Azərbaycan sərhədçi­lə­ri­nin şərəflə iştirak etmələri və qarşıya qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkilinin böyük əhəmiy­yət kəsb etməsi qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sər­həd­ləri­nin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunan müqəddəs sərhədlərin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layi­qin­cə gələcəklərinə əminlik ifadə olunub.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunublar.

Back to top button