Xəbərlər

DSX-nin Qubadlıda yeni hərbi hissəsi açılıb

Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə – sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bununla əlaqədar təşkil olunan mərasimdə DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi qeyd olunub, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin  hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması vurğulanıb.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.

Back to top button