DSX-nin rəhbər vəzifəli şəxsləri şəhid sərhədçilərin ailələrinə və qazilərə baş çəkib
Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqların düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilir.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
14-16 avqust tarixlərində DSX-nın rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.
Torpaqların düşmən tapdağından azad edilməsi uğrunda qazilərin və şəhadət zirvəsinə ucalmış şəhidləriin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb və onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olması, qeyd olunan məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.
Ziyarətlər zamanı DSX-nın 47 nəfər şəhid hərbi qulluqçusunun Prezidentinin Sərəncamları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunub və həmçinin qazilərin dövlət təltifləri onlara verilib.
Şəhidlərin ailə üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, Azərbaycanın Sərhəd Mühafizəsi üçün bu əlamətdar dövrdə onların anılması, şəhid ailələrinin ziyarət edilməsinin dövlətin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.