Foto

DSX-nin Xudat sərhəd dəstəsində hərbi hissənin 30 illik yübiley tədbiri keçirilib

İyun ayının 16-da Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 30 illik yübileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbir iştirakçıları və dəvət olunmuş qonaqlar əvvəlcə hərbi hissədə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə Azərbaycanın şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda DSX-nin ən nümunəvi hərbi hissələrindən biri olması xüsusi qeyd edilib.

Çıxış edənlər Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin bütün sahə­lərində vüsət alan tərəqqi və dirçəliş sayəsində ilk dönəmlərdə heç bir sərhəd mühafizə infrastrukturu olmayan şimal sərhədlərində böyük tikinti-quruculuq işlərinə başlanıldığı, sərhəd dəstəsinin qarnizonunun, 19 sərhəd zastavasının, 3 sərhəd komendantlığının, 2 sərhəd nəzarəti məntəqəsinin inşa edilməsi, 11 ikimərtəbəli 66 mənzilli yaşayış kompleksinin sərhədçilərin istifadəsinə verilməsinin dövlətin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqətinin ifadəsi olması vurğulanıb.

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə hər zaman ciddi önəm verən Azərbaycan Prezidenti İlham Əliyevin Xudat sərhəd dəstəsinə 4 dəfə səfər etməsi sərhədçilərə olan inam və etimadın təzahürü olmaqla yanaşı, Ali Baş Komandanla görüşmək şərəfinin şəxsi heyətdə böyük ruh yüksəkliyi, sərhədçi adını hər zaman qürurla daşımaq əzmini yaratması bildirilib.

Tədbirdə xidməti-döyüş fəaliyyətində və hərbi əməkdaşlıqda fərqlənmiş hərbi qulluqçular və veteran sərhədçilər, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün – 1992-ci ilin 16 iyun tarixində ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltifləndirilib, hərbi hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından köməklik göstərən yerli sakinlərə, sərhədyanı rayonların dövlət orqanlarının əməkdaşlarına qiymətli hədiyyələr verilib və fəxri fərmanlar təqdim olunub.

Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

Sonra tədbir iştirakçıları hərbi hissədə əsaslı təmir olunmuş binalara baxış keçiriblər.

1 15 2 14 3 11 4 10 5 9 6 6 7 5 8 6 9 4 10 4 11 2 12 2 13 2 14 2 15

Poliqon.az

Back to top button