DSX-nin Xüsusi Məktəbinin yeni binası istifadəyə verilib

Sentyabr ayının 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə DSX rəisinin müavini general-leytenant C.Abdullayev çıxış edərək DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırmış, hazırkı mərasimin Azərbaycanın şanlı qalibiyyətinin, ərazi bütövlüyünün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin 1-ci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqların işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağının Azərbaycan sərhədləri boyunca dalğalandırıldığı, Vətən müharibəsində DSX qarşısında Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları qeyd olunub.
Çıxışda Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsində, fərdi xüsusiyyətlərini, maraq və potensial imkanlarını nəzərə almaqla hər bir kursantın DSX-nın Akademiyasında ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu vurğulanıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq fəaliyyətə başladığı dövrdən qısa müddət ərzində məktəbin ölkədə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə növbəti ali qayğısının və diqqətinin təzahürü olduğu vurğulanıb.
Məktəbdə təhsil alan kursantların tədris, istirahət və təminat məsələlərinin daima diqqət mərkəzində saxlanıldığı, yeni korpusunun istifadəyə verilməsinin onların istirahəti, asudə vaxtının daha da faydalı keçirilməsi, fiziki, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanlar yaradacağı bildirilib.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi cənab Cəmil Əliyev çıxış edərək məktəbin yeni korpusunun istifadəyə verilməsi, eləcə də tədris ilinin başlaması münasibətilə kursantları təbrik etmiş, onlara dərslərində müvəffəqqiyyətlər arzulayıb.
Açılış mərasimindən sonra iştirakçılar yeni korpusda yaradılmış şəraitlə tanış olubar. 5 mərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqlarla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün istirahət otaqları mövcuddur. Kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün videomüşahidə sistemi tətbiq edilmiş, korpusun ərazisində əsaslı tikinti-abadlıq işləri aparılmış, geniş yaşıllıq salınmış, ağaclar əkilmiş, sıra meydanı yaradılıb. Tədbir iştirakçıları Xüsusi Məktəbin tədris korpusunda da mövcud imkanlarla, o cümlədən sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzuna baxış keçiriblər.






