DSX rəisinin müavini: Helikopter qəzasında şəhid olan hərbi qulluqçularımız daim nümunəvi xidmətləri ilə seçilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuları daim nümunəvi xidmətləri ilə seçilib.
“Poliqon”un məlumatına görə, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimində DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev deyib.
“Ən böyük təsəlli onların şəhidlik zirvəsinə ucalmalarıdır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, o cümlədən helikopter qəzası nəticəsində şəhid olan hərbçilərimiz Vətən müharibəsində qəhrəmanlıq və fədakarlıq nümunələri göstəriblər.
Onların şərəfli xidmət yolu və vətənpərvərliyi hər bir gənc üçün nümunədi və onların xatirələri daim qəlblərdə yaşayacaq. Əlbəttə, valideynlərin də kədərini başa düşürük. Yeganə təsəllimiz odur ki, silahdaşlarımız şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycan xalqının övladlarına çevriliblər”, – deyə general-leytenant İlham Mehdiyev bildirib.




